Paşinyanın təyyarəsinə dron hücumu riski: Moskvaya deyil, Sankt-Peterburqa endi
Moskvaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi yerə eniş edə bilməyib.
Patrul.az xəbər verir ki, təyyarənin yerə eniş edə bilməməsinə səbəb Ukrayna dronlarının havada təhlükə yaratması olub.
Məlumata görə, Paşinyanın “ACJ319” tipli hökumət təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vurub. Rusiya tərəfi təhlükəsizlik səbəbindən təyyarəyə Moskvada eniş üçün icazə verməyib.
Bundan sonra verilən göstərişə əsasən, hava gəmisinin marşrutu dəyişdirilib və o, gecə saat 01:00 radələrində Sankt-Peterburq şəhərində məcburi eniş edib.
Xatırladaq ki, Paşinyan Moskvaya yollanmamışdan əvvəl Almaniyada rəsmi səfərdə olub.
Qeyd edək ki, dekabrın 11-də gecə saatlarında Rusiya, o cümlədən Moskva şəhəri genişmiqyaslı pilotsuz təyyarə hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, hava hücumundan müdafiə qüvvələri dekabrın 10-u axşamdan 11-i səhərə qədər Moskva vilayəti üzərində 32 PUA-nı zərərsizləşdirib.
Gülbəniz Səfərova






