"Paytaxtda kimin taksi, kimin şəxsi maşın sürdüyü bilinmir" – Nəqliyyat eksperti
Əvvəllər bütün taksilərin sarı rəngdə olması vətəndaşların onları asanlıqla tanımasına şərait yaradırdı. Lakin 2011-ci ildən etibarən paytaxtda bənövşəyi rəngli “London taksiləri” fəaliyyətə başlayandan sonra bu sahədə yeni mərhələ formalaşdı.
İllər keçdikcə taksilərin dizaynı və rəng çalarlarında da müxtəliflik yarandı. Artıq şəhər küçələrində yalnız sarı deyil, ağ, qırmızı və tünd bənövşəyi rəngdə olan taksilər də hərəkət edir. Bu isə bəzən vətəndaşların onları seçərkən çaşqınlıq yaşamasına səbəb olur.
Bəs paytaxtda taksilərin rəng standartı necə müəyyən olunur və “taksi” sözünün avtomobil üzərində aydın görünməsi sərnişinlər üçün hansı üstünlükləri yaradır?
Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Patrulaz.az-a açıqlamasında bildirib ki, Bakıdakı qırmızı-ağ taksilər artıq təsdiqlənib və fəaliyyət göstərdiyindən, rəngini dəyişmək iqtisadi zərər yaradacaq:
“Bakı şəhəri üçün taksilərdə rəng olaraq qırmızı və ağ rənglər seçilib. Artıq sahibkarlar bu rəngdə avtomobillər alıb gətirərək böyük miqdarda sərmayə yatırıblar. Taksilər fəaliyyət göstərir. Ona görə də, Bakıdakı taksilərin rəngini dəyişmək məsələsi həmin sahibkarlara milyonlarla zərər verəcək. Buna görə də mən düşünürəm ki, bu mövzu artıq aktual olmamalıdır. Bu rənglər Bakı üçün dövlət tərəfindən təsdiqlənib və indi həmin taksilər xidmət göstərir – həm sahibkarlar, həm də fərdi taksi sürücüləri tərəfindən”.

Ekspert sözlərinə görə taksilərin xidmətdə olduğunu göstərmək üçün sarı fənər istifadəsi vacibdir:
“O ki qaldı taksilərin tanınması məsələsinə, mən onun tərəfdarıyam ki, mütləq taksidə istifadə olunan avtomobil bilinməlidir ki, bu, taksi xidməti üçün istifadə olunur, yoxsa yox. Bu aydın müəyyən edilməlidir. Hazırda bu aydın deyil; məlum deyil ki, kim taksi sürür, kim sürmür. Ona görə də mütləq taksidə istifadə olunan nəqliyyat vasitələrinin üzərində ən azından damında sarı rəngli taksi fənəri olmalıdır. Sarı rəngli taksi fənərinin olması tələbi də 2019-cu ildə Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı reqlamentində göstərilib”.
Cəmilə Cəfərzadə






