media-inshot_20260202_135826604

Yanvarın 31-də Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Milli Məclisin deputatı Azər Badamov bu kontekstdə Patrul.az-a Azərbaycan və İran münasibətlərini şərh edib.

O bildirib ki, İran-Azərbaycan münasibətləri keşməkeşli pillələrdən keçsə də, son zamanlarda hər iki tərəfdən də münasibətlərin müsbət istiqamətdə inkişafı üçün səylər davamlı tutulmaqdadır:

“İran tərəfindən də sərt ritorikadan qaçılmasına həssas yanaşma mövcuddur. Habelə, Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcək. Yaranan gərginlik fonunda bu amil iki ölkənin xarici işlər nazirləri arasında son telefon danışığı zamanı bir daha diqqətə çatdırıldı. Yəni, bununla bağlı narahatlıq var idisə, bunun aradan götürülməsinə ehtiyac duyulurdusa, Azərbaycan bir daha mövqeyini ortaya qoydu”.media-inshot_20260202_135313365

Deputatın sözlərinə görə, bundan əlavə, cənab Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidentinin Məsud Pezeşkianla telefon danışığı əsnasında iki ölkə münasibətlərinin dostluğa, qardaşlığa söykəndiyi, mehriban qonşuluq prinsiplərinə əsaslandığı bir daha vurğulandı:

“Bu məqamda mövcud telefon zənginin edilməsi dövlət başçımızın düşünülmüş addımlarının sırasında dayanır. İki xalq arasında dini, tarixi, etnik bağların inkarolunmazlığı var. Pezeşkianın, xarici işlər naziri Abbas Araqçinin, nazir müavini Vahid Cəlalzadənin səfərləri zamanı da regional layihələrin önəmi üzərində dayanıldı. Regionumuzun sabitliyi əsas amildir, biz əgər regionun inkişafını əsas hədəf olaraq müəyyənləşdirmişiksə bu, istənilən eskalasiya riskindən tamamilə uzaq olmalıdır. Hal-hazırda Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlər qrafikə uyğun aparılır. Bunu dövlət başçımız bir daha vurğuladı. Deməli, daxili geriçəkmələrə və xarici maneələrə baxmayaraq işlər gedir”.

A.Badamov dövlətimizin yaranan gərginlikdən narahat olduğunu ifadə edib:

“Çünki məqsəd regional layihələrin icrası, heç bir iqtisadi layihəyə xələl gətirilməməsi, habelə buna maneə törədən maraq qruplarının da neytrallaşdırılmasıdır. Cənab Prezident İlham Əliyev Davosda da bildirdi ki, sərhədlər boyu sabitlik bizim üçün vacibdir. Arzu olunmayan ssenarinin baş tutması həm də humanitar böhran deməkdir ki, bunun nəticələri bu məqamda heç bir region dövləti üçün arzuolunan deyil”.

Ləman Sərraf


Bənzər xəbərlər