media-titan-arum

Çiçək dedikdə adətən hər kəsin ağlına xoş qoxulu, rəngarəng ləçəkləri ilə insana zövq verən bitki növü gəlir. Lakin dünyada elə bir bitki var ki, görünüşü ilə digər çiçəklər kimi göz oxşasa da, qoxusu ucbatından ona çiçək belə demək tükürpədicidir. Söhbət çürümüş ətə bənzər qoxusu ilə tanınan “cəsəd çiçəyi”ndən gedir.

Patrulaz.az-ın araşdırmasına görə, “Cəsəd çiçəyi” adlanan bu bitkinin yaydığı kəskin çürümüş ət qoxusu, ilk başda qəribə təsir bağışlasa da, əslində bu, onun çoxalma strategiyasının əsas hissəsidir. Bitki, çiçək açarkən leşlə qidalanan milçəkləri və həşəratları cəlb etmək üçün ölü ətə bənzər kəskin qoxu ifraz edir. Həşəratlar bitkidə ət axtarsalar da, nəticədə onun tozcuqlarını öz bədənlərinə yapışdıraraq tozlanmanı təmin edirlər.

Nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitki bu yaxınlarda Nyu Yorkun Bruklin Botanika Bağında çiçək açıb. Təsəvvür edin ki, pis qoxulu çiçəyi görmək və ətrini duymaq üçün minlərlə nyu-yorklu işə getmək planını ləğv edərək nadir təbiət hadisəsinə şahidlik etmək üçün botanika bağına toplanıb.

media-inshot_20250702_231700487

Dünyanın ən böyük çiçək strukturlarından biri sayılan “Amorphophallus gigas” 3 metrə qədər hündürlüyə çata və 150 kiloqrama qədər çəkidə ola bilər. Bitkinin əsas gövdəsinin dibində yüzlərlə kiçik çiçəklər gül açıb. Hazırda bu nadir növ meşələrin qırılması və torpaq deqradasiyası səbəbindən təhlükə altındadır. Dünyada bu bitkidən cəmi 10 botanika bağında mövcuddur.

Niyə insanlar pis qoxulu bitkiyə heyran olur?

Burada artıq məsələ təkcə biologiyanın deyil, sosiologiya və psixologiyanın da maraq dairəsinə düşür. Paradoksal şəkildə pis qoxuya malik olan bitkinin kütləvi maraqla qarşılanması bir neçə səbəblə izah edilə bilər:

Bir ömürdə bir dəfə yaşanan möcüzə

media-inshot_20250702_231643145

On ildən bir çiçək açması onu “bir ömürdə bir dəfə” görülə biləcək hadisəyə çevirir.

Vizual qeyri-adiliyinin olması

media-titan-arum

3 metrə qədər hündürlüyə və 150 kiloqrama qədər çəkiyə malik olması onun fizik olaraq təsiredici bir varlıq yaratmasına səbəb olur.

İnsanların maraq axtarışında olması

media-inshot_20250702_232154307

Müasir dövrdə insanlar sadəcə izləmək yox, yaşamaq, hiss etmək və qeyri-adiliyin bir parçası olmaq istəyirlər. “Cəsəd çiçəyi” bu təcrübəni həm fiziki, həm emosional, həm də sosial kontekstdə təqdim edir.

Müasir dövrün tələbi olan sosial şəbəkələmə

media-inshot_20250702_231616393

Hadisədə iştirak edib onu paylaşmaq, sosial şəbəkələrdə bu barədə danışmaq da müasir insan üçün “ilklərə şahidlik etmək” qədər motivasiyaedici bir amildir.

“Cəsəd çiçəyi” bir çox dəyərlərin yenidən nəzərdən keçirilməsi üçün fundamental imkan yaradır. Gözəlliyin yalnız estetik və cazibədar formalarla assosiasiya olunması bu bitkinin nümunəsində təkzib edilir. Təbiət həm gözəl, həm çirkin, həm də qəribə xüsusiyyətlərə malik ola bilər. Məhz bu ziddiyyətlərin birliyi onun mürəkkəb və çoxqatlı cazibəsini yaradır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər