Pis xəbərlərin əsiri olmaq: "Doomscrolling" nədir və bizi necə əsir edir?
“Bir səfərlik baxıb çıxacağam” deyib əlinə telefonu alırsan. “İnstagram”da bir video, “Twitter”də bir xəbər, bir az da “trend” başlıqlara göz gəzdirirsən… Beş dəqiqə deyə başladığın bu “məlumat səfəri”, bir də baxırsan ki, səni saatlarla xoşbəxtlikdən, hətta reallıqdan uzaqlaşdırıb. Nəfəsini belə tutaraq ekrana baxırsan. Pis xəbərlərin ardı-arası kəsilmir. Hadisələr ağırlaşır, təhdidlər artır, içində bir sıxıntı yaranır… Amma nəyəsə dayana bilmirsən.
Bu davranışın adı “doomscrolling”dir və düşündüyünüzdən daha təhlükəlidir.
Bu proses daxildə necə baş verir?
Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.
“DoomscrollingDoomscrollingDoomscrolling” nədir?
“Doomscrolling” (və ya “doomsurfing”) – insanın sosial şəbəkələrdə və xəbər saytlarında davamlı olaraq mənfi və qorxuducu xəbərləri izləməsi, bunu dayandıra bilməməsi və bu vərdişin zamanla psixoloji durumuna mənfi təsir etməsi anlamına gəlir. Xüsusilə pandemiya, müharibə, iqtisadi böhranlar və ya təbii fəlakətlərin artdığı dövrlərdə bu fenomen kəskin şəkildə artıb.
Beyində nə baş verir?
Mütəxəssislərə görə, doomscrolling beynin stresə cavab verən amiqdala hissəsini həddindən artıq aktivləşdirir. Bu isə:
– Kortizol səviyyəsinin artmasına (stress hormonu),
– Yuxu problemlərinə,
– Diqqət dağınıqlığına,
– Xroniki narahatlıq və hətta depressiyaya yol açır.
Amerikalı neyropsixoloq Dr. Sanam Hafeez qeyd edir:
“İnsan beyni təhlükəni tanımaq və ona qarşı tədbir görmək üçün təkamül keçirib. Doomscrolling bu instinkti yanlış yöndə stimullaşdırır, sanki biz hər saniyə təhlükə gözləyirik”.
Niyə bu qədər asılılıq yaradır?
Bu vərdiş sadəcə informasiyaya maraqdan irəli gəlmir. Burada bir neçə psixoloji amil var:
1. FOMO (Fear of Missing Out) – Geridə qalma qorxusu
Sosial şəbəkələrdə hər kəsin nədən danışdığını qaçırmamaq üçün biz daha çox xəbər izləməyə meylliyik.
2. Negativity Bias – Mənfiyə yönəlmiş zehin
İnsan beyni neqativ məlumatlara pozitivlərdən daha tez reaksiya verir. Bu, qədimdən gələn özünüqoruma instinktidir.
3. Kontrol illüziyası
Pis xəbərlər oxumaq bizə sanki vəziyyəti nəzarət altında saxlayırmışıq kimi illüziya yaradır. Halbuki, bu bizi daha çox narahat edir.
Beynəlxalq müşahidələr
• 2020-ci ildə, COVID-19 pandemiyası zamanı doomscrolling sözünün istifadəsi 2000% artdı.
• APA (American Psychological Association) araşdırmalarına görə, pandemiya dövründə amerikalıların 56%-i sosial media istifadə edərkən ciddi stres yaşayıb.
• Kanadalı psixoloq Dr. Steven Taylor isə bildirir:
“Pandemiya ilə əlaqəli məlumatlar artıq təhlükənin qarşısını almağa kömək etmirdi, əksinə insanlarda dərin ümidsizlik və yorğunluq yaradırdı”.
Sosial təsirlər və münasibətlərə təsiri
“Doomscrolling” təkcə fərdi psixologiyanı deyil, sosial münasibətləri də zədələyə bilər.
– İnsan daha pessimist və təlaşlı olmağa başlayır.
– Müsbət xəbərlərə qarşı laqeydlik artır.
– Empatiya və həssaslıq zəifləyir – çünki həddindən artıq mənfi xəbərlər duyğusal uyuşma yaradır.
Nə etməli?
1. Rəqəmsal sərhədlər qoy
Gündə xəbər oxumaq üçün konkret vaxt ayır (məsələn, səhər və ya axşam maksimum 15 dəqiqə).
2. Bildirişləri söndür
Əsas xəbər tətbiqlərinin push bildirişlərini deaktiv et. Qorxu ilə deyil, məlumatlılıqla yaşamaq üçün.
3. Pozitiv məzmun balansı yarat
Gündəlik kontentinə motivasiyaedici videolar, sənədli filmlər, komediya, musiqi və ya sənətlə bağlı postlar əlavə et.
4. “Dijital detoks” günləri et
Həftədə ən az bir gün sosial mediadan uzaq qalmaq beynin “yenidən yüklənməsi” üçün vacibdir.
“Doomscrolling” bir xəbər vərdişindən daha çox psixoloji tələyə çevrilmiş bir davranışdır. Pis xəbərlərin içində üzmək, bizi dünyadan xəbərdar deyil, dünyadan qorxar hala gətirir. Məlumat almaq vacibdir, lakin bu məlumatlar həyat keyfiyyətimizi udmağa başladıqda, artıq dayanmağın vaxtıdır.
Ləman Sərraf






