Piyada keçidində təhlükəli manevr: uşaqlar son anda xilas oldu - VİDEO
Patrul.az redaksiyasına göndərilən videogörüntüdə 25.12.2025-ci il tarixində saat 17:43 radələrində Bakı şəhəri, Cingizxan Kərimov və Qədir Məmmədov küçələrinin kəsişməsində son dərəcə təhlükəli yol hərəkəti qayda pozuntusu əks olunub.
Görüntülərdə piyada keçidindən keçən uşaqlara digər nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun olaraq yol verdiyi halda, marka və dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozaraq əks hərəkət zolağına çıxır. Sürücü piyada keçidində olan uşaqları vurmaqdan yalnız son anda yayına bilib və nəqliyyat vasitəsini çətinliklə saxlayıb.
Hadisə zamanı yaranan təhlükəli vəziyyətdən təşvişə düşən uşaqlar qaçaraq geri çəkiliblər.
Bu cür məsuliyyətsiz və düşüncəsiz davranış bir daha göstərir ki, bəzi sürücülər üçün yol hərəkəti qaydaları və insanların, xüsusilə də uşaqların həyatı heç bir əhəmiyyət daşımır.
Patrul.az olaraq Daxili İşlər Nazirliyindən xahiş edirik ki, elektron nəzarət vasitələri və mövcud görüntülər əsasında sözügedən sürücü müəyyən edilərək barəsində qanunvericiliyə uyğun tədbirlər görülsün.






