media-retouch_2025100117352279

Dünyanın hər yerində, eləcə də günümüzdə qadınların estetik görünüşə marağı artmaqdadır. Plastik əməliyyatlara müraciət edənlərin sayının çoxalması da bunun bariz nümunəsidir. Bəs qadınlar niyə plastik əməliyyata meyillidir?

Klinik psioloq, CBT terapist, Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı Fuad Əsədov Patrulaz.az-a bu barədə açıqlamasında bildirib ki, bir çox qadın, görünüşündəki qüsurları aradan qaldırdıqdan sonra özgüvəninin artacağına inanır:

“Qadınların plastik əməliyyata meylli olmasının səbəbləri bir neçə əsas faktorla izah oluna bilər. Əvvəlcə nəzərə almaq lazımdır ki, cəmiyyət və mədəniyyət tarix boyu qadınlara daha çox gözəllik standartları yükləyib və bu standartlar mediada, reklamlarda, filmlərdə və sosial şəbəkələrdə ideal qadın obrazı kimi təqdim olunur. Bu obraz qadınlarda öz görünüşünü daim müqayisə etmək və bəyənilmək ehtiyacını gücləndirir. Psixoloji baxımdan isə özünəinam və özünüdəyərləndirmə məsələləri mühüm rol oynayır. Bir çox qadın görünüşündəki qüsurları düzəltdikdən sonra daha özünə güvənli olacağına inanır. Hətta bəzi hallarda bədən dismorfik pozuntusu kimi klinik vəziyyətlər qadınları əməliyyata sövq edə bilər. Digər tərəfdən, sosial münasibətlərdə daha cazibədar görünməyin iş mühitində, romantik əlaqələrdə və ümumilikdə sosial statusda üstünlük gətirəcəyi düşünülür. Bu da plastik əməliyyatlara yönəlmənin səbəblərindən biridir. Texnologiyanın və tibbin inkişafı da prosesi asanlaşdırır”.

media-fuad-esedov

F. Əsədovun sözlərinə görə, plastik əməliyyatlara yalnız qadınlar deyil, kişilər də maraq göstərir. O bildirib ki, gözəllik anlayışı qadın kimliyinin mərkəzinə daha çox yerləşdirildiyi üçün bu, qadınlarda daha açıq görünür:

“Əməliyyatların əvvəlki dövrlərə nisbətən daha təhlükəsiz, daha əlçatan və daha az iz buraxan olması qadınların marağını artırır. Bundan başqa, yaşlanma qorxusu da mühüm amildir. Qadınlar qırışların, dəridə sallanmanın və digər yaşlanma əlamətlərinin qarşısını almaq, uzun müddət gənc görünmək arzusu ilə əməliyyata üz tutur. Sosial müqayisə də az təsir göstərmir, çünki sosial mediada və gündəlik həyatda digər qadınlarla özünü müqayisə etmək bənzəmək və bəyənilmək ehtiyacını gücləndirir. Bütün bu faktorların bir araya gəlməsi qadınların plastik əməliyyata daha çox meylli olmasının səbəblərini izah edir. Əslində, bu meyl yalnız qadınlarda deyil, kişilərdə də müşahidə olunur, sadəcə tarixi və mədəni olaraq gözəllik qadın kimliyinin mərkəzinə daha çox yerləşdirildiyi üçün qadınlarda daha açıq şəkildə görünür”.

Psixoloqun sözlərinə görə, qadınların plastik əməliyyata meyilliliyi əsasən cəmiyyətin gözəllik standartları, özünəinamın artırılması, sosial münasibətlərdə üstünlük qazanmaq istəyi, texnologiyanın inkişafı və yaşlanma qorxusu ilə bağlıdır. Bu amillər onların əməliyyata marağını gücləndirir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər