Polis bıçaqlı şəxsi saxladı - Xırdalanda insidentlə bağlı cinayət işi açıldı - VİDEO
Xırdalan şəhərinin mərkəzi küçələrindən birində axşam saatlarında baş verən bıçaqlı insidentlə bağlı yeni təfərrüatlar məlum olub.
Patrul.az xəbər verir ki, hadisə təxminən saat 21:00 radələrində iki nəfər arasında yaranan mübahisə zamanı baş verib. Qısa müddətdə böyüyən mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman tərəflərdən biri üzərində gəzdirdiyi bıçağı çıxararaq qarşı tərəfi hədələyib.
Vəziyyətin daha da gərginləşdiyini görən digər şəxs bıçaq olan şəxsi yerə yıxaraq onu zərərsizləşdirməyə çalışıb. Hadisə yerində olan vətəndaşların operativ müdaxiləsi nəticəsində bıçaq həmin şəxsin əlindən alınıb və insidentin böyüməsinin qarşısı alınıb.
Patrul.az-ın əldə etdiyi məlumata görə, insidenti törədən bıçaqlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açıldığı bildirilir.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin digər detalları ilə bağlı araşdırmalar davam etdirilir.
Günay Salayeva






