media-53df4fe9-42c4-4eb6-9cab-b89812299e99

Tayland Milli Polis İdarəsinin rəsmi nümayəndəsi, general-leytenant Atçayon Kraythonq bildirib ki, təyyarə qəzası nəticəsində altı nəfər həlak olub.

Patrulaz.az “Russia Today”ə istinadən xəbər verir ki, general-leytenant “Polis aviasiya dəstəsinə məxsus təyyarənin qəzasında altı nəfər həyatını itirib, onların hamısı polis zabitləri və serjantlarıdır”,- deyə bildirib.

Hadisə yerinə ilk çatan xilasedicilər əvvəlcə beş nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını bildiriblər. Lakin həmin yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

General-leytenant əlavə edib ki, uçuş planına əsasən, hava gəmisində altı nəfər olub. Təyyarə 27 aprelə planlaşdırılan tədbirə hazırlıq çərçivəsində texniki uçuş həyata keçirirdi.

Tədbirin Fetçaburi əyalətində yerləşən polis bazasında baş tutacağı, proqramda paraşütlə tullanışların nəzərdə tutulduğu qeyd olunub.

Kraythonqun sözlərinə görə, təyyarədə üç polis pilotu (polkovnik, polkovnik-leytenant və kapitan) olub. Daha üç nəfər isə serjant – biri bort mühəndisi, digərləri texniki işçilər idi.

Uçuş planına əsasən, təyyarə paraşütçülərin tullandığı nöqtəyə qədər əvvəlcədən hazırlanmış marşrut üzrə hərəkət etməli idi.

Qəza, “Baby Grand” otelinin yaxınlığındakı sahildə, Fetçaburi əyalətinin Ça-Am kurort şəhəri ilə Praçuap Kirixan əyalətinin Hua Hin kurortu arasında dənizə düşməklə baş verib. Hadisə, təyyarənin əyalət hava limanından qalxmasından bir neçə dəqiqə sonra baş verib.

Qəzanın səbəbləri hazırda ölkənin müvafiq orqanları tərəfindən araşdırılır.

Ləman Sərraf


Bənzər xəbərlər