Politoloq: "OMON-un azərbaycanlılara qarşı zorakılığı Rusiyanın səviyyəsini göstərdi"
“Rusiyada azərbaycanlılara qarşı baş verən hadisə böyük bir biabırçılıqdır. Bu, Rusiyanın dövlət olaraq hansı səviyyədə dəyərlərini itirdiyinin göstəricilərindən biridir”.
Bu fikirləri Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən azərbaycanlılara qarşı iyunun 27-dən etibarən törədilən zorakılıq halları ilə bağlı Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq yalnız son hadisələrlə kifayətlənməyərək, Rusiyanın daha əvvəl də Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsində tutduğu mövqeyə, AZAL təyyarəsinin taleyi ilə bağlı sərgilədiyi susqunluğa, eləcə də millət vəkili Azər Badamovun Rusiyaya buraxılmaması kimi hallara da diqqət yetirdi:
“Artıq son bir ildir ki, sistematik şəkildə Rusiya tərəfindən Azərbaycana qarşı izaholunmaz və neqativ addımlar atılır. Hələ də AZAL təyyarəsinin taleyi ilə bağlı Rusiyadan ölkəmizə nə izahat, nə də hər hansı bir rəsmi açıqlama verilməyib.
Eyni zamanda, millət vəkili Azər Badamovun nümayişkaranə şəkildə Rusiyaya buraxılmaması, həmçinin Salavyov, Marqarita Simonyan kimi şəxsiyyətini itirmiş şəxslərin daim Rusiya efir məkanında Azərbaycana qarşı nifrət və təhqir dolu çıxışlar etməsi, ölkəmizin ərazi bütövlüyünü mübahisələndirməyə çalışmaları artıq adi hala çevrilib”.
T. İsmayılovum sözlərinə görə, rəsmi Kreml tərəfindən Azərbaycan vətəndaşlarına qarşı atılan addımlar təəccüblü deyil, çünki Rusiya daha əvvəl də oxşar hərəkətlərlə açıq mövqeyini nümayiş etdirib:
“Son olaraq Yekaterinburqda Rusiya xüsusi təyinatlı polis dəstəsi olan OMON tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi vəhşilik və zorakılıq, onların qətlə yetirilməsi Moskvanın hansı səviyyəyə enməsinin növbəti göstəricisi oldu.
Əslində burada təəccüblənəcək bir şey yoxdur, çünki biz Rusiyanın Azərbaycana qarşı apardığı siyasəti yaxşı bilirik. 1990-cı il 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 30 il ərzində torpaqlarımızın işğalı məsələlərində Rusiya hər zaman Ermənistanın yanında yer alıb.
Moskva guya beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, faktiki olaraq rəsmi Kremlin apardığı ideoloji təbliğat ölkəmizin ərazi bütövlüyü əleyhinə yönəlib.Bu baxımdan hesab edirəm ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsi və ictimai rəyin də Moskvaya qarşı narahatlığının artması tamamilə başadüşüləndir. Fikrimcə, Rusiya Azərbaycanla ciddi şəkildə körpülərini yandırmağa davam edir”.
Gülbəniz Səfərova