media-photo-output

Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması regionda böyük rezonans doğurub. Hadisə nəticəsində təyyarədə olan hərbçilərin hamısının həlak olduğu bildirilir. Qəza Gürcüstanın Kaxeti bölgəsində, Azərbaycanla sərhədə yaxın ərazidə baş verib. Təyyarə Gəncədən havaya qalxaraq Türkiyəyə qayıdarkən radarlarla əlaqə kəsilib.

Bəs, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasına konkret olaraq nə səbəb olub?

Bu barədə politoloq Tural İsmayılov Patrul.az-a açıqlamasında bildirib ki, qəzanın səbəbi kimi texniki nasazlıq ehtimal edilir:

“Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması xəbəri həm bölgədə, həm də beynəlxalq mediada ciddi rezonans doğurdu. Hazırda mediada yayılan ilkin ehtimallara görə, qəzanın səbəbi texniki nasazlıqla bağlı ola bilər. Türkiyə Müdafiə Nazirliyi və müstəqil ekspertlər hadisənin səbəblərini aydınlaşdırmaq üçün geniş araşdırma aparır. Bu cür hallarda hərbi texnikanın texniki baxım keyfiyyəti və uçuş nəzarət sistemlərinin etibarlılığı əsas araşdırma istiqamətlərindəndir.”

T. İsmayılov bildirib ki, Azərbaycan Türkiyənin yaşadığı faciəni dərin təəssüflə qarşılayaraq qardaşlıq həmrəyliyini bir daha nümayiş etdirib:

“Qardaş ölkə Türkiyənin başına gələn bu faciə Azərbaycan cəmiyyətində də dərin təəssüf hissi ilə qarşılanıb. Azərbaycan hər zaman Türkiyənin yanında olub və bu gün də eyni həmrəylik nümayiş etdirir. Biz bir millət, iki dövlət olaraq yalnız uğurları deyil, ağrılı anları da birlikdə yaşayırıq. Bu hadisə bir daha göstərir ki, hərbi və texnoloji sahədə təhlükəsizlik standartlarının davamlı yenilənməsi zəruridir.”

Politoloq əlavə edib ki, bu faciə Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını bir daha nümayiş etdirərək gələcək üçün vacib dərslər ortaya qoydu:

“Araşdırmaların nəticələri yalnız qəzanın səbəbini deyil, həm də gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün vacib dərsləri ortaya qoyacaq. Türkiyənin yüksək intizamlı ordusu və hərbi aviasiya sisteminin peşəkarlığı bu hadisəni dərindən təhlil edərək nəticə çıxarmağa qadirdir. Azərbaycan tərəfi də istənilən dəstəyi göstərməyə, texniki və humanitar yardım təklif etməyə hazırdır. Bu faciə bir daha sübut etdi ki, Ankara ilə Bakı arasındakı münasibətlər sadəcə siyasi deyil, qardaşlıq bağları üzərində qurulub. Türkiyənin gücü həm də onun bu kimi sınaqlardan qalxma bacarığındadır və biz inanırıq ki, bu dəfə də belə olacaq.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər