"Prezidentin səsləndirdiyi fikirlər Ermənistanı qoruyan qüvvələrə ciddi mesaj oldu" - Azər Badamov
“Cənab Prezident İlham Əliyevin Zəngilan şəhəri sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər həm bu gün Ermənistanda revanşizm və sülhün yeni şərtlərindən danışanlara, həm də guya Ermənistanı Azərbaycandan qoruyanlara çox ciddi mesaj oldu”.
Bu sözləri Milli Məclisin deputatı Azər Badamov Patrul.az-a Prezident İlham Əliyevin Zəngilan şəhəri sakinləri ilə görüş zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan 30 il ərzində öz suveren torpaqlarında işğala son qoymaq üçün böyük güclərlə mübarizə aparıb, dərin siyasi prosesləri yerindən tərpədib:
“Münaqişənin danışıqlar yolu ilə həlli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün mandat almış, lakin Azərbaycanın tələbi ilə tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri illərlə regionumuza turist səfərləri edir, xalqımızı işğalla barışdırmağa çalışırdılar.
Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Azərbaycan xalqının isə öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacağı və lazım gələrsə onları güc yolu ilə azad etməyə hər zaman hazır olması işğala son qoyulmasına yol açdı. Azərbaycan xalqı regionumuzda uzun illər formalaşmış status-kvonu dəyişdi. Əgər Azərbaycan Ordusunun qarşısına tarixi torpaqların da azad olunması tapşırığı qoyulsaydı, bu vəzifə də qısa zaman ərzində icra edilərdi və dövlət başçısının dediyi kimi heç kim bizi saxlaya bilməzdi. Ancaq Ali Baş Komandan açıq şəkildə bəyan etmişdi ki, Azərbaycanın başqa dövlətlərin torpaqlarında gözü yoxdur və biz yalnız öz suveren ərazilərimizi azad etməklə kifayətlənəcəyik”.

Millət vəkili xatırladıb ki, 2020-ci ilin dekabrında müharibə başa çatdıqdan sonra da öz maraqlarını və çirkin niyyətlərini davam etdirmək üçün Bakıya gəlmiş Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinə cənab Prezidentin “Biz sizi dəvət etməmişik. Əgər deyəcək sözünüz yoxdursa, açıq şəkildə bildirirəm ki, gedə bilərsiniz” mesajı onları çətin vəziyyətdə qoymuşdu:
“Amma onlar getsələr də, bu gün onlara varis çıxmaq istəyən qüvvələr regionumuzdan əl çəkmək istəmirlər.
Belə ki, Avropa İttifaqının qondarma missiyası hələ də sərhədlərimizdə binoklla müşahidələr aparır, Afrika ölkələrindən biabırçı şəkildə qovulmuş Fransa isə Prezident Emmanuel Makronun simasında Cənubi Qafqazda guya “xilaskar” obrazı yaratmağa çalışır. Hətta onun Ermənistana səfəri çərçivəsində Türkiyə ilə quru sərhədini keçərək siyasi şou nümayiş etdirmək istəyi də baş tutmadı. Ardınca Fransa xarici işlər nazirinin Senatda Azərbaycana qarşı qərəzli mövqenin nümayiş etdirilməsi ilə bağlı addımları isə açıq riyakarlıqdan başqa bir şey deyil”.
A.Badamov, Cənubi Qafqazın siyasi şouların nümayiş etdirildiyi məkan olmayacağını vurğulayıb:
“Regionda sülh reallıqlarını yaradan və Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı məhz Azərbaycandır. Əgər hansısa dövlət Cənubi Qafqazda əməkdaşlıq və sabitlik istəyirsə, ilk növbədə Azərbaycanla əməkdaşlıq etməlidir”.
Ləman Sərraf






