Protezlərə son: Dərmanla insan dişi yenidən bərpa ediləcək
Yaponiyada elm adamları insan orqanizmində yeni dişlərin təbii şəkildə inkişafını stimullaşdıran preparat üzərində işləyiblər.
Patrul.az xəbər verir ki, Kioto Universiteti və Kitano Xəstəxanasının tədqiqatçıları tərəfindən hazırlanan bu dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayan anticisimlər əsasında hazırlanıb.
2024-cü ilin sentyabr ayından etibarən Kioto Universiteti Xəstəxanasında preparatın insanlar üzərində rəsmi klinik sınaqlarına start verilib. İlk mərhələdə 30–64 yaş arası, ən azı bir azı dişi olmayan sağlam kişi könüllülər iştirak edir.
Tədqiqatçılar bildirirlər ki, USAG-1 zülalının fəaliyyəti bloklandıqda orqanizmdə “passiv” vəziyyətdə olan diş rüşeymləri aktivləşir və yeni dişlərin formalaşması prosesi başlayır.
Preparat əvvəlcə siçanlar və gəlinciklər üzərində sınaqdan keçirilib və müsbət nəticələr əldə olunub. Bu, insan üzərində klinik mərhələyə keçid üçün əsas olub.
Növbəti mərhələdə sınaqların anadangəlmə diş çatışmazlığı (hipodontiya) olan 2–7 yaşlı uşaqlarda aparılması nəzərdə tutulur.
Tədqiqat qrupunun rəhbəri Katsu Takahashi bildirib ki, bütün mərhələlər uğurla keçərsə, preparatın 2030-cu ilə qədər kütləvi istifadəyə verilməsi planlaşdırılır.






