Qadın qiyafəsində sərhədi qanunsuz keçən kişi İFŞA OLDU
Ukraynada hərbi çağırışdan yayınmaq üçün qeyri-adi üsula əl atan 30 yaşlı Odessa sakini sərhədçilər tərəfindən saxlanılıb.
Patrulaz.az xəbər verir ki, həmin şəxs qadın kimi geyinərək ölkədən çıxmağa cəhd edib. O, qara parik, uzun qotik paltar, gün eynəyi və idman ayaqqabısı geyinərək adi sərnişin avtobusu ilə sərhədə yollanıb. Məqsədi bu yolla hərbi komissarlığın nəzarətindən yayınaraq ölkəni tərk etmək olub.
Lakin plan istənilən kimi alınmayıb. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, sərhədçilər mikroavtobusun arxa oturacağında əyləşmiş “qadın”dan şübhələnərək onu nəzarətə götürüblər. Yoxlama zamanı qadının əslində kişi olduğu üzə çıxıb və o dərhal saxlanılıb.
Ukrayna rəsmiləri bu kimi hallar üzrə araşdırmaların davam etdiyini və sərt tədbirlərin görüləcəyini bildiriblər.
Qeyd edək ki, Ukraynada müharibə şəraitində kişilərin ölkəni tərk etməsi qanunla məhdudlaşdırıldığı üçün son illərdə bu kimi hadisələr tez-tez baş verir. Bir çox hallarda kişilər qadın paltarı geyinərək və ya qadın pasportları ilə sərhədi keçməyə cəhd edirlər. Ukrayna Dövlət Sərhəd Xidməti artıq bir neçə belə cəhdin qarşısını alıb.
Xatırladaq ki, keçən il Odessa sakini qadın qiyafəsində Slovakiyaya keçməyə çalışarkən saxlanılmışdı.
Eyni ildə başqa bir hadisədə isə kişi qara parik və qadın geyimində sərhədi keçməyə cəhd edib, lakin sərhədçilər tərəfindən ifşa olunub.






