media-inshot_20250917_133214084

“”Qarabağı təbrik edirəm. Doğurdan da dünənki oyun möhtəşəm keçdi. Çünki “Benfika”nın gücünü bilirdik, amma “Qarabağ”ın da özünəməxsus oyun üslubu olduğu üçün komandaya inamım var idi”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu, futbol üzrə ekspert Ceyhun Sultanov deyib. 

Ekspertin sözlərinə görə, oyunun əvvəlində “Benfika”nın xal üstünlüyü həyəcan yaratsa da,”Köhlən atlar”ın birgə mübarizəsi qalibiyyətlə nəticələndi.

C. Sultanovun fikrincə, “Qarabağ”ın rəqibləri fəaliyyətlərinə görə həmişə şişirdilir:

“Ümumilikdə, hesabın 2:0 olduğunu gördükdə, oyunun çox çətin keçəcəyini düşünürdüm. Amma yenə də “Qarabağ”ın Avropa Liqası və Çempionlar Liqası təcrübəsi burada öz rolunu oynadı. Onlar komanda şəklində yaxşı futbol nümayiş etdirdilər. Düşünürəm ki, “Qarabağ”ın rəqibləri yalnız futbol adı baxımından üstün görünürlər. Amma “Qarabağ”ın özü bütün adlardan üstündür. Sadəcə, onların oynadıqları liqalara və adlarına görə biz rəqibləri bir qədər şişirdirik”.

C. Sultanov oyun­dan oyuna fərqlərin olduğunu, amma “Qarabağ”ın oyun planının güclü olduğunu vurğuladı:

“Fikrimcə, “Qarabağ” möhtəşəm komandadır və düşünürəm ki, daha da yaxşı olacaq. Doğrudur, oyundan-oyuna fərqlər olur, amma oyun planında “Qarabağ” uduzmadı. Yəni, “Benfika” klubuna qarşı ümumilikdə yaxşı numayiş etdirdi. Gələcək oyunlarda da “Qarabağ”a uğurlar arzulayıram”.

Xatırladaq ki, sentyabrın 17-də Ağdam təmsilçisi “Qarabağ” səfərdə Portuqaliyanın “Benfika” klubunu 3:2 hesabı ilə məğlub edib. Bununla da Qurban Qurbanovun komandası Çempionlar Liqasının ilk mərhələsinə qələbə ilə başlayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər