media-photo-output

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda “Qarabağ” növbəti oyununa çıxacaq. Səfərdə İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq təmsilçimizin necə nəticə göstərəcəyi maraq doğurur.

Patrul.az matçla bağlı futbol mütəxəssisi Etibar İbrahimovun fikirlərini öyrənib.

Mütəxəssis ilk olaraq bildirib ki, bu matçda “Napoli” daha çox favorit kimi görünəcək:

““Qarabağ” – “Napoli” oyunu ilə bağlı deyə bilərik ki, “Napoli” bu matça daha üstün tərəf kimi çıxacaq. “Qarabağ”ın indiki çıxışı bir çoxları üçün, o cümlədən Avropa və Azərbaycan futbol ictimaiyyəti üçün sürpriz sayıla bilər. Amma mənim üçün bu belə deyil. Çünki bir neçə il öncə həm televiziya, həm də saytlar vasitəsilə verdiyim müsahibələrdə qeyd etmişdim ki, “Qarabağ” bir mexanizm komandasıdır. Onlar futbol fəlsəfələrinə sadiq qalaraq oynayırlar və gec-tez bunun bəhrəsini görəcəklər. Bu gün həmin dediklərim öz təsdiqini tapır”.

Etibar İbrahimovun sözlərinə görə, “Qarabağ” Çempionlar Liqasında çox yaxşı çıxış edir:

“Baxmayaraq ki, klubun büdcəsi qrupdakı digər komandalarla müqayisədə xeyli aşağıdır. “Napoli” isə bu oyunda mütləq qələbə qazanmalıdır. Daha əvvəl də qeyd etmişdim ki, “Qarabağ”ın əsas məqsədi xal toplamaqdır və lazım olan xallar məhz daha əlverişli rəqiblərdən alınmalıdır. “Çelsi”dən əldə olunan bir xal çox dəyərli idi. Əgər “Napoli” və “Liverpul”dan da bir xal əldə edə bilsəydik, bu, Ağdam təmsilçisi üçün böyük nailiyyət olardı.

Lakin düşünürəm ki, “Köhlən atlar”ın əsas rəqibləri “Ayaks” və “Ayntraxt Frankfurt” olacaq. “Qarabağ” bu iki qarşılaşmadan 4 xal toplaya bilsə, əminəm ki, növbəti mərhələyə vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbolu üçün tarixi nəticə olar”.

Mütəxəssis əlavə edib ki, “Napoli”nin baş məşqçisi Antonio Konte hazırda komandanı formalaşdırmaq mərhələsindədir:

“Əsasən 4-3-3 sistemindən istifadə etsələr də, zaman-zaman 3-5-2 və 4-1-4-1 sistemlərinə də üstünlük verirlər. Konte hazırda komandaya ideal sistemi tapmağa çalışır. Amma düşünürəm ki, bu qarşılaşmada “Napoli” daha çox oturuşmuş 4-3-3 sistemindən istifadə edəcək.

Rəqibin heyətində lider futbolçular var və bu, təbii ki, təmsilçimiz üçün oyunu çətinləşdirəcək. Lakin ümid edirəm ki, “Qarabağ” ən azı bir xalla Neapoldan qayıda bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər