“Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan operativ və çevik idarəetmə modeli nümunə kimi qiymətləndirilə bilər” - DEPUTAT
Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara verdiyi müsahibəsində bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan operativ və çevik idarəetmə modeli gələcəkdə ölkənin digər regionlarında da tətbiq oluna bilər. Dövlətimizin başçısı vurğulayıb ki, hər bir vəzifə sahibi cəmiyyətin inkişafı üçün ürəklə işləməli və problemlərə qarşı dözülməz yanaşmalıdır.
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bildirən Milli Məclisin deputatı Könül Nurullayevanın sözlərinə görə, beynəlxalq təcrübədə operativ və çevik idarəetmə modeli regionların inkişafına müsbət təsir göstərir:
“Belə ki, operativ idarəetmə regionlarda yaranan sosial, iqtisadi və infrastruktur problemlərinə vaxtında müdaxilə etməyə imkan verir. Bu da problemlərin dərinləşməsinin qarşısını alır. Eyni zamanda regional potensialın üzə çıxarılması baxımından da bu cür idarəetmə effektivdir. Çünki hər regionun özünəməxsus iqtisadi, coğrafi və sosial xüsusiyyətləri nəzərə alınır. Həmçinin çevik idarəetmə yeni ideyaların tez sınaqdan keçirilməsinə imkan yaradır, uğurlu layihələr genişləndirilir. Nəticə etibarı ilə infrastrukturun yaxşılaşdırılması, məşğulluğun artması və sosial xidmətlərin keyfiyyətinin yüksəlməsi regionlarda məskunlaşan əhalinin həyat səviyyəsini artırır. Qısa müddətli nəticələrlə yanaşı, uzunmüddətli planlar çevik şəkildə icra olunur və regionların davamlı inkişafı təmin edilir”.

Millət vəkili qeyd edib ki, bu xüsusda Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan operativ və çevik idarəetmə modeli nümunə kimi qiymətləndirilə bilər:
“Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bildirdi ki, bu model ölkənin digər regionlarında da tətbiq oluna bilər.
Ümumiyyətlə, cənab Prezident hər zaman bəyan edir ki, heç bir məmur öz səlahiyyətindən sui-istifadə edib vətəndaşların hüquqlarını pozmamalıdır. Xüsusilə icra başçıları onlara göstərilən etimadı doğrultmalıdır.
Yerli özünüidarəetmə orqanlarında dürüst xidmət ictimai etimadın yaradılması, effektiv idarəetmənin təmin edilməsi və yerli əhalinin maraqlarının qorunması baxımından vacibdir. Bu, yerli özünüidarəetmənin inkişafına töhfə verir”.
“Cənab Prezidentin də tələbi bundan ibarətdir ki, bölgələrə rəhbər vəzifəyə təyin olunan şəxslər üçün əsas iş prinsipləri ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır. Heç bir qanunsuz hərəkət isə nəticəsiz qalmayacaq. Dövlət başçısı da bildirdi ki, “etimadı doğrultmayan, əyri yola gedənlər, ya cinayət məsuliyyətinə cəlb edilir, – belə hallar kifayət qədər çoxdur, – ya da ki, inzibati qaydada cəzalandırılır”,– deyə deputat əlavə edib.
Ləman Sərraf






