media-inshot_20250715_105953533

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün icazə prosedurları daha da sadələşdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yadığı məlumatda bildirilib ki, fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə edilən icazənin müddəti 5 günədək artırılıb.

Bəs Qarabağa icazələrin sadələşdirilməsi və müddətin artırılması turizmə necə təsir göstərəcək?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Patrulaz.az-a açıqlamasında qeyd edib ki, icazələrin 2 gündən 5 günə artırılması turizm sahəsi üçün müsbət bir haldır:

media-inshot_20250715_105158126

“Bu, Qarabağ bölgəsinə bir neçə istiqamət üzrə səfər imkanı yaradır. Çox qısa bir zamanda üç beynəlxalq hava limanının açılışı da vətəndaşlarımıza bu bölgəyə səfər edərək rahatlıqla istirahət edə bilmələrinə kömək olur. Eyni zamanda, fərdi səfər edənlər üçün şəxsi avtomobilləri ilə həmin istiqamətdə getmək imkanı var”.

Sədr xatırladıb ki, turizm artıq prioritet sahələrdən birinə çevrilib:

“Azərbaycan dövlət başçısının tapşırığına əsasən, həm bizim vətəndaşlarımız, həm də turistlər üçün burada infrastrukturlar qurulur, yeni otellər fəaliyyətə başlayır. Həmçinin, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Bu da həmin bölgələrdə turizmin inkişafı üçün mühüm imkanlar yaradır”.

Turizm üzrə ekspert Rəhman Quliyev də mövzu ilə bağlı fikirlərini bildirib:

media-inshot_20250715_105012274

“Qarabağa səfərlərlə bağlı icazələrin sadələşdirilməsi və müddətinin 5 günədək uzadılması, bölgənin turizm potensialının reallaşmasına ciddi təkan verəcək. İlk növbədə, bu qərar vətəndaşların səfərlərini daha rahat, planlı və çevik şəkildə təşkil etməsinə imkan verir. Artıq insanlar tələsmədən, geniş proqramla Qarabağ və Şərqi Zəngəzur bölgələrini ziyarət edə bilirlər. Bu dəyişiklik yerli və xarici turistlərin sayının artmasına, bölgədə otel, restoran, nəqliyyat və digər xidmət sahələrinin inkişafına səbəb olacaq. Turizm axını iqtisadi fəallığı artıracaq, sahibkarlığa və yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.

Eyni zamanda bu sadələşdirmə milli ruhun güclənməsinə, insanların doğma torpaqlara qayıdışını simvolizə edən Zəfər turizminin daha da yayılmasına töhfə verəcək”.

“Qarabağa səfər edən hər bir vətəndaş həm turizmə, həm də azad edilmiş ərazilərin dirçəlməsinə birbaşa dəstək vermiş olur”,- deyə sonda o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər