Qarabağda "Qisas" antiterror əməliyyatından iki il ötür
Bu gün Qarabağda aparılan və erməni separatizminə son qoyulan antiterror əməliyyatının başlanmasından iki il keçir.
Patrulaz.az xəbər verir ki, 2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin törətdiyi təxribat nəticəsində polislər də daxil olmaqla, 9 nəfər həyatını itirib.
Buna cavab olaraq, Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı.
Razılığa görə:
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı;
Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı;
Qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı;
Bütün silah-sursat təhvil verilməli və bu proses Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada həyata keçirilməli;
Sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüş baş tutacağı qeyd edildi.
Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirib. Rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub, 511 hərbçi yaralanıb. Qondarma rejimin “ombudsmanı” Geğam Stepanyan erməni tərəfdən 200-dən çox hərbçinin öldüyünü açıqlayıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfdən dinc sakinlərdən də 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldu və atəşkəs əldə edildi.






