Qazaxda 6 tondan artıq narkotik bitkisi məhv edildi
Qazax rayonunda polis və sərhədçilərin birgə keçirdiyi xüsusi əməliyyat zamanı yabanı halda bitmiş külli miqdarda çətənə bitkisi aşkarlanaraq məhv edilib.
Patrulaz.az “Publika.az”a istinadən xəbər verir ki, “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində ümumi çəkisi 6 ton 120 kiloqram olan 15 300 ədəd narkotik tərkibli çətənə bitkisi toplanaraq yandırılma yolu ilə zərərsizləşdirilib.
Əməliyyatın məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə də narkotik tərkibli yabanı bitkilərin yayılmasının qarşısının alınmasıdır.
Qeyd edək ki, bu kimi tədbirlər bölgədə narkotiklə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı profilaktik tədbirlərin tərkib hissəsidir və mütəmadi şəkildə davam etdirilir.






