“Qərb dairələri hələ də müharibədəki qələbəmizi həzm edə bilmir” - POLİTOLOQ
“Azərbaycan uzun illərdir ki, Qərbin ikili standartlarından əziyyət çəkir. Biz bunu ərazilərimizin işğal altında olduğu dönəmdə də görürdük, lakin İkinci Qarabağ savaşındakı qələbəmizdən sonra bu tendensiya açıq-aşkar hiss olunmağa başladı”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O xatırladıb ki, 30 il ərzində ərazilərimizin işğalına susan, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş Qətnamələrin icrası istiqamətində Ermənistana hər hansı təzyiq etməyən, əksinə zaman-zaman işğalçının mövqeyini müdafiə edən ayrı-ayrı Qərb dövlətləri və təşkilatları müharibədəki qələbəmizdən sonra bizə qarşı cəbhə tutmağa başladılar:
“Bunun da çox sadə səbəbi var. Güclü, müstəqil xarici siyasət kursu olan, baqşalarının qarşısında müti olmayan Azərbaycan ayrı-ayrı Qərb dairələrinin Cənubi Qafqaz planlarının qarşısında bir səddir. Başqa sözlə desək Azərbaycanla Ermənistan arasında gərgin münasibətləri özlərinin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün fürsət olaraq görən Qərb dairələri hələ də müharibədəki qələbəmizi, ərazi bütövlüyü və suverenliyi bərpa etməyimizi həzm edə bilmirlər”.
Politoloq bildirib ki, bu mövqe təbii olaraq slüh müqaviləsi istiqamətində aparılan danışıqlara bu və ya digər şəkildə təsir edir:
“Çünki Ermənistan hələ də öz dövlət maraqlarından deyil, həmin o Qərb dairələrinin maraqlarından çıxış edir. Bu gün ATƏT Minsk Qrupundan imtina edilməməsi üçün Ermənistana təzyiq göstərən, şərti sərhəddə mülki müşahidə missiyası adı altında kəşfiyyat qrupları yerləşdirən, Ermənistanı davamlı şəkildə silahlandıraraq bu ölkədə revanşist mövqenin güclənməsinə dəstək verən Fransa kimi Qərb dairələri bütün mümkün vasitələrlə Ermənistana təzyiq göstərir və onları sülh prossesindən uzaqlaşdırılar.
Odur ki, Qərbin ikili standartlarından irəli gələn fəaliyyət daha çox Qərbin öz maraqlarını təmin etməyə hesablanan fəaliyyət kimi qəbul oluna bilər. Ermənistan nə qədər ki, Qərbin maraqlarının əsirində qalacaq demək ki, sülh razılaşmasının imzalanması da problem olaraq qalmaqda davam edəcək”.
Ləman Sərraf