Qətər rəsmisi: "İsrail Dohaya gizli silahlarla hücum edib"
“İsrail Dohaya gizli silahlarla hücum edib”.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Qətərin paytaxtı Dohaya hücumu ilə əlaqədar Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani deyib.
Baş nazir İsrailin Dohaya etdiyi hücumu sərt pisləyərək, partlayışdan cəmi 10 dəqiqə sonra hökumətin xəbərdar olduğunu və İsrailin radarla aşkar edilməyən “gizli” silahlardan istifadə etdiyini bildirib.
Baş nazir həmçinin, hücumla bağlı ABŞ-dən əvvəlcədən heç bir xəbərdarlıq gəlmədiyini vurğulayıb.
Ağ Evin sözçüsü Kerolayn Levit isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofa Qətəri hücum barədə dərhal məlumatlandırmağı tapşırdığını açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyi də əvvəlcədən xəbərdarlığın olmadığını təsdiqləyib.
Xatırladaq ki, İsrail sentyabrın 9-da Qətərin paytaxtı Dohada HƏMAS üzvlərinin yerləşdiyi məntəqəyə hava zərbələri endirib. Hücum nəticəsində HƏMAS Siyasi Bürosunun sədr müavini Xəlil əl-Hayyanın və həyat yoldaşının yaralandığı, onların oğlu və siyasi Bürosunun üzvü Cihad Labadın isə həlak olduğu bildirilib.






