Qəza zamanı sığorta yoxdursa, dəymiş zərəri kim qarşılayır? - Vəkildən CAVAB
Son illərdə yol qəzaları ilə bağlı hüquqi prosedurlar daha da əhəmiyyətli rol oynamağa başlayıb. Xüsusilə avtomobil sahiblərinin icbari sığortasının olmaması hallarında, qəzaya uğramış şəxslərin hüquqlarının qorunması və zərərin ödənilməsi məsələsi aktuallaşır. Belə hallarda ödəniş prosesinin necə həyata keçirildiyi, məhkəmə yolunun zəruri olub-olmaması və digər alternativ prosedurlar böyük maraq doğurur.
Bəs qəza törədən avtomobilin icbari sığortası olmadıqda zərərin ödənilməsi prosesi hansı qaydada aparılır?
Bununla bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, icbari sığortalar haqqında qanun əsasən, qəza zamanı sığorta ödənişi yalnız təqsirli avtomobilin icbari sığortası olduqda və hadisə rəsmi qaydada sığorta hadisəsi kimi tanındıqda həyata keçirilir:
“Azərbaycan qanunvericiliyinə görə nəqliyyat vasitələrinin icbari mülki məsuliyyət sığortası hər bir avtomobil üçün ayrıca məcburidir. Bu, İcbari Sığorta Bürosu sistemi çərçivəsində tətbiq olunur. Qəza zamanı sığorta ödənişi üçün şərt nədir?
Təqsirli avtomobilin icbari sığortası olmalıdır. Belə ki “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Beləliklə, DYP tərəfindən hadisə rəsmiləşdirildikdən sonra təqsirin digər avtonəqliyyat vasitəsində olduğu müəyyən edilərsə və həmin avtonəqliyyat vasitəsinin icbari sığortası varsa, siz dəymiş zərəri müvafiq sığorta təşkilatından alacaqsınız”.

Vəkil qeyd edir ki, əgər təqsirkar avtomobilin icbari sığortası yoxdursa, dəyən zərər qiymətləndirilməli və mülki qaydada məhkəməyə iddia qaldırılaraq məbləğ birbaşa təqsirkar şəxsdən tələb edilməlidir:
“Bəs təqsirkar avtonəqliyyat vasitəsinin icbari sığortası olmazsa nə etməliyik?
Bu zaman artıq mülki qanunvericiliyə uyğun olaraq məhkəmədə mülki iddia qaldırmaq lazımdır. İlk növbədə avtomobilə dəymiş zərərin müəyyən olunması üçün müvafiq avtomobil təmiri servis mərkəzinə müraciət edilməli, qiymətləndirmə və qüsur aktı alınmalı, avtomobilə dəymiş zərər müəyyən olunduqdan sonra cavabdeh şəxsə qarşı məhkəmədə iddia qalıdırlmalıdır”.
Cəmilə Cəfərzadə






