Qısa müddətdə qızıl niyə bu qədər bahalaşdı? - ŞƏRH
Azərbaycanda qızılın qiyməti son günlərdə bahalaşıb və 1 unsiya qızılın dəyəri 3 065,508 manat təşkil edir. Bu, əvvəlki göstərici ilə müqayisədə 0,3995 manatlıq (0,01 faiz) artım deməkdir. Həmçinin, gümüşün qiyməti də artaraq 1 unsiyası 44,2827 manata bərabər olub.
Bununla da, bir müddət öncə 5 000 manata satılan qızıl zinnət əşyaların qiyməti hazırda 7 000 manata yüksəlib. Bu isə ümumilikdə 40 faiz artım deməkdir.
Bəs bu qədər qısa müddətdə baş verən bahalaşma hansı amillərlə əlaqədardır?

Bu barədə iqtisadçı Natiq Cəfərli Patrulaz.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qizilin qiymət artımı dünya birjasından asılıdır:
“Son bir il ərzində qiymətlər təxminən iki dəfəyə yaxın arta bilər. Azərbaycan özü qızılın qiymətini formalaşdırmır. Qiymətə təsir edən əsas amil dünya birjasında müəyyən olunan qızılın dəyəridir. Dünən dünya birjasında qızılın qiyməti 4 min 100 dollara çatıb, bu, tarixi maksimumdur. Nəticə etibarilə, dünyada qızıl bahalaşan kimi Azərbaycanda da qiymət artır, çünki başqa cür mümkün deyil. Azərbaycan, dünyanın bir parçası olaraq, qızıl bazarında qlobal trendlərə uyğun qiymət hərəkətini həyata keçirir”.
Cəmilə Cəfərzadə






