"Qlobal iqtisadiyyatın nəfəs almasına imkan yaradın" - BMT Hörmüzdəki vəziyyətlə bağlı ABŞ və İrana XƏBƏRDARLIQ ETDİ
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda dünya ticarəti üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazındakı vəziyyətlə bağlı beynəlxalq birliyə həyəcan təbili çalıb.
Patrul.az xəbər verir ki, BMT rəsmisi tərəfləri dərhal hərbi qarşıdurmanı dayandırmağa və dəniz nəqliyyatının bərpası, yəni Hörmüz boğazının dərhal açılması üçün şərait yaratmağa çağırıb.
“Tərəflərə müraciət edirəm: Boğazı açın. Gəmilərin keçməsinə icazə verin. Rüsumlar yoxdur, ayrı-seçkilik yoxdur. Ticarətin bərpa olunmasına icazə verin. Qlobal iqtisadiyyatın nəfəs almasına imkan yaradın”, – deyə Quterreş bildirib.
Quterreş həmçinin ABŞ və İsrailin birgə İrana qarşı başlatdığı hücumdan sonra boğazda yaranmış vəziyyətin doğurduğu fəsadlardan danışıb:
“Mart ayının əvvəlindən etibarən Hörmüz boğazından keçən gəmiçilikdə fasilələr qlobal enerji təhlükəsizliyinə, ərzaq təchizatına və ticarətə ciddi zərbə vurub. Hörmüz boğazı dünyanın ən vacib dəniz keçid nöqtələrindən biridir. İqtisadi şok dərhal baş verdi və hər kəs bunun bədəlini ödəyir”, – deyə o qeyd edib.
BMT rəsmisi iqtisadi itkilərlə yanaşı, boğazda yaranmış vəziyyət nəticəsində insan itkilərinin də olduğunu xatırladıb:
“İqtisadi göstəricilərdən əlavə, böhran insan itkisinə də səbəb olub. 20 mindən çox dənizçi dənizdə qalıb, 2000-dən çox ticarət gəmisi isə qeyri-müəyyən və çox vaxt təhlükəli şəraitdə ilişib qalıb. Bu kişilər və qadınlar heç bir münaqişənin tərəfi deyillər. Onlar dünyanı təmin edən mülki işçilərdir”.
Antonio Quterreş çıxışında BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə istinad edərək, naviqasiya azadlığının fundamental prinsip olduğunu xatırladıb:
“BMT Xartiyasına əsasən, dənizlərdə güc tətbiqi və ya hədə-qorxu qəti qadağandır. Okeanlar qarşıdurma poliqonu deyil, sülh və əməkdaşlıq zonası olmalıdır”.
Sonda Baş katib mövcud böhranın diplomatik yolla həlli üçün BMT-nin vasitəçilik missiyasına hazır olduğunu bəyan edərək, tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb.

Gülbəniz Səfərova






