media-inshot_20250801_135807172

Bəzən bir küçədən keçərkən burnumuza gələn bir ətir bizi anidən illər əvvələ aparır. Unudulduğunu düşündüyümüz bir xatirə, təkcə bir qoxu ilə bütün detallarıyla göz önünə gələ bilir. Elmi araşdırmalar bu fövqəladə halı “qoxu yaddaşı” kimi izah edir. Qoxuların emosional və vizual yaddaşla bu qədər güclü əlaqəsi olması təkcə romantik hiss deyil, beyində dərin kökləri olan bir prosesdir.

Bəs necə olur ki, bir qoxu bizi keçmişə apara bilir?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Qoxu beynin emosional mərkəzinə birbaşa bağlıdır

media-inshot_20250801_133707700

Beynimizdəki limbik sistem, xüsusilə amigdala və hippokamp yaddaş və duyğuların mərkəzidir. Qoxular isə birbaşa bu bölgəyə siqnal göndərir. Bu, görmə və eşitmə kimi digər hislərə nisbətən daha sürətli və emosional bir reaksiyadır. Məhz buna görə bir ətir bizi uşaqlıqda aldığımız ilk oyuncaq, ilk məktəb günü və ya nənəmizin mətbəxi ilə ani şəkildə əlaqələndirə bilir.

Neyropsixoloq Dr. Rachel Herzin apardığı araşdırmalara görə, qoxu vasitəsilə yada düşən xatirələr digər hislərlə xatırladıqlarımızdan nisbətən daha canlı, daha emosional və daha köklü olur.

Qoxu yaddaşı digər yaddaş növlərindən daha uzunömürlüdür

media-inshot_20250801_133940113

İnsan beyni qoxu ilə bağlı məlumatları daha az dəyişikliklə və daha uzun müddət saxlaya bilir. Bu fenomenə “Proust effekti” də deyilir – yazıçı Marcel Proustun “Madlen peçenyelərinin qoxusu” ilə keçmişini xatırlaması əsasında formalaşmış anlayışdır. Qoxu ilə bağlı xatirələr çox zaman daha vizual, daha emosional və daha dərin hislərlə bəzənir.

Uşaqlıq qoxuları: Şəxsi tariximizin “qoxulu” səhifələri

media-inshot_20250801_134516936

İnsan beyni erkən yaşlarda daha çox qoxu yaddaşı formalaşdırır. Bu səbəbdən uşaqlıq illərində yaşadığımız mühitdəki qoxular (ana südü, ev sabunu, məktəb dəftəri, yağışdan sonra torpaq qoxusu) sonrakı həyatımızda bizi dərindən təsirləndirə bilər. Uşaqlıqda alınan qoxusal təəssüratlar, bir növ emosional lövhə kimi beynimizdə yazılır və illər sonra belə tərtəmiz şəkildə “oxunur”.

Ətir sənayesində və marketinqdə qoxunun gücü

media-inshot_20250801_134747280

Bu qavrayışdan ticarət dünyası da faydalanır. Brendlər özlərini fərqləndirmək üçün “imza qoxular” yaradırlar. Məsələn, bir otel şəbəkəsi hər zaman istifadə etdiyi xüsusi ətir sayəsində qonaqların zehnində yer edə bilir. Eyni zamanda mağazalarda verilən müəyyən qoxular alış-veriş davranışlarını da dəyişə bilir. Sadəcə görüntü və səs deyil, qoxu da yaddaqalma və emosional bağ yaratma vasitəsidir.

Qoxular depressiyaya və xatirələrin sağalmasına təsir edə bilərmi?

media-inshot_20250801_135234560

Bəzi araşdırmalarda qoxu ilə xatırladığımız xatirələrin travmaların sağalmasında və ya psixoloji terapiyalarda istifadə edilə biləcəyi göstərilib. Qoxu, beyində qorxunu və emosional reaksiyaları tənzimləyən bölgələrə təsir etdiyi üçün bu sahədə terapevtik potensial daşıyır. Hətta Alzheimer xəstələrinin müəyyən qoxulara verdiyi reaksiya ilə yaddaşlarına müsbət təsir göstərmək mümkün ola bilər.

Qoxular – yaddaşın səssiz açarları

media-sense-smell-image-istock-1302713332

Qoxular bəzən sözlərin ifadə edə bilmədiyi duyğuları ortaya çıxarır. Bizi ağlatmaq, güldürmək, təsəlli vermək və ya nostalji yaşatmaq qabiliyyətinə malikdir. Bəlkə də ona görə insanlar sevdikləri insanların geyimlərini illərlə saxlayır, ya da köhnə məktəb dəftərlərinin qoxusunu unutmaq istəmirlər. Çünki bu, sadəcə bir qoxu deyil, bir hiss, bir insan, bir keçmişdir.

Ləman Sərraf


Bənzər xəbərlər