Qripə bənzər simptomları olan ölümcül Nipah virusu dünyanı təhdid edir
Hindistanda təhlükəli Nipah virusunun yayılması ilə bağlı ciddi narahatlıq yaranıb.
Patrul.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, virusun yayılması nəticəsində azı 100 nəfər karantinə alınıb. Yoluxma hallarının Hindistanın Qərbi Benqaliya əyalətində qeydə alınmasından sonra hökumət qonşu ölkələrdə də profilaktik tədbirləri gücləndirib.
Məlumata görə, hökuməti Nipah virusunun Nepal ərazisinə keçməsinin qarşısını almaq məqsədilə həyəcan təbili çalıb. Eyni zamanda Tayland hakimiyyəti də təhlükəyə qarşı tədbir görərək Hindistandan gələn sərnişinləri xüsusi yoxlamadan keçirməyə başlayıb.
Qeyd olunur ki, Nipah virusunun hazırda nə peyvəndi, nə də spesifik müalicə üsulu mövcuddur. Virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək riskli patogenlər siyahısına daxil edilib. Yoluxmuş şəxslərdə əsasən qripə bənzər simptomlar – qızdırma, baş ağrısı, əzələ və boğaz ağrıları, öskürək, nəfəs darlığı, yuxululuq, çaşqınlıq və qıcolmalar müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, insanlara yoluxma halları nadir olsa da, virus əsasən yarasalardan, donuzlardan və çox vaxt çirklənmiş meyvələr vasitəsilə ötürülür.
Xatırladaq ki, əvvəlki Nipah epidemiyalarında ölüm nisbəti 40–75 faiz arasında dəyişib. Bu səbəbdən virusun harada yayılmasından asılı olmayaraq, ciddi ictimai səhiyyə təhdidi olaraq qalmaqda davam edir.






