Quru sərhədlərin bağlı olması cibimizə necə təsir edir? - İQTİSADÇI AÇIQLADI
Azərbaycanın quru sərhədləri pandemiya dövründən bu yana bağlı qalması cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın əksər ölkələri pandemiya dövründən sonra məhdudiyyətləri aradan qaldırsa da, Azərbaycan quru sərhədlərinin bağlı saxlamağı lazım bilib.
Bəs sərhəd qadağası cibimizə necə təsir edir?
Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi, iqtisadçı Elnur Quliyev Patrul.az-a fikirlərini bölüşüb.
O vurğulayıb ki, Azərbaycanın quru sərhədlərinin pandemiyadan sonra da bağlı qalması artıq səhiyyə yox, daha çox təhlükəsizlik və geosiyasi qərar kimi qiymətləndirilir:
“Rəsmi yanaşmada əsas arqument regiondakı risklər, qeyri-sabitlik və nəzarətsiz miqrasiya ehtimalıdır. Quru sərhədlərə nəzarət hava yolları ilə müqayisədə daha çətin olduğundan, dövlət riskləri minimuma endirməyi prioritet seçir. Makroiqtisadi baxımdan bu qərar dövlət üçün kritik itki yaratmır. Azərbaycanın iqtisadi modeli əsasən enerji ixracına söykəndiyi üçün ÜDM səviyyəsində ciddi sarsıntı müşahidə olunmur. Əksinə, nəzarətli sərhəd rejimi kölgə ticarətini və qaçaqmalçılığı müəyyən qədər məhdudlaşdıra bilir”.

Müsahibimizin fikrincə, mikro səviyyədə təsir isə daha çox sıravi vətəndaş üzərində hiss olunur:
“Əvvəla, quru yol ən ucuz nəqliyyat vasitəsidir. Sərhədlər bağlı olduqda vətəndaşın alternativi əsasən hava nəqliyyatı olur. Aviabiletlər isə daha bahalıdır və xüsusilə aşağı və orta gəlirli ailələr üçün ciddi xərc yaradır. Bu, xaricdə işləyənlər, müalicə və ya təhsil üçün səfər edənlər üçün büdcə yükünü artırır.
İkincisi, logistika xərcləri yüksəlir. Quru daşımalar daha ucuz və çevik olur. Alternativ marşrutlar və ya əlavə tranzit xərcləri idxal olunan məhsulların maya dəyərinə təsir edir. Bu təsir birbaşa və kəskin olmasa da, uzunmüddətli dövrdə istehlak qiymətlərinə ötürülə bilir. Yəni vətəndaş bunu bəzən market səbətində hiss edir.
Üçüncüsü, sərhəd bölgələrində yaşayan əhali üçün kiçik ticarət, gündəlik alver və xidmət fəaliyyəti zəifləyir. Bu seqmentlər üçün sərhəd ticarəti əlavə gəlir mənbəyi idi. Bu imkanın məhdudlaşması yerli gəlirləri azaldır və regionlararası iqtisadi dinamikanı zəiflədir.
Dördüncüsü, alternativ nəqliyyat vasitələrinin bahalaşması ümumi ailə büdcəsində struktur dəyişiklik yaradır. İnsanlar daha çox vəsaiti yol və səyahətə xərclədikdə, digər sahələrdə istehlak azalır. Bu isə daxili tələbin zəifləməsinə təsir edə bilər”.
E.Quliyev yekun olaraq qeyd edib ki, dövlət səviyyəsində bu qərar idarəolunan təhlükəsizlik mexanizmi kimi qiymətləndirilir:
“Ancaq vətəndaş səviyyəsində baxdıqda, artan nəqliyyat xərcləri, dolayı qiymət təsirləri və sərhəd iqtisadiyyatının zəifləməsi real maliyyə yükü yaradır. Məhz buna görə məsələ cəmiyyətdə iqtisadi prizma ilə daha çox müzakirə olunmaqdadır”.
Ləman Sərraf






