media-img_7547

Bakı şəhəri Ramana qəsəbəsinin 2-ci sahəsində yaşayan sakinlər Patrul.az redaksiyasına müraciət edərək “Azəronline” internet provayderinin xidmət keyfiyyətindən ciddi şəkildə narazı olduqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, son aylarda internetin qiymətinin artmasına baxmayaraq, xidmətin keyfiyyəti əksinə, xeyli dərəcədə aşağı düşüb. Onlar qeyd edirlər ki, əvvəllər 18 manatlıq tarif dövründə internetin sürəti daha stabil və güclü olub. Hazırda isə ən aşağı 25 manatlıq tarifdə belə, internetin həm sürəti zəifləyib, həm də kəsintilər artıb.

“Gün ərzində saysız-hesabsız internet kəsintiləri olur. Bəzən ümumiyyətlə əlaqə itir, modem işığı yanmır, dəfələrlə müraciət etsək də, problem tam aradan qaldırılmır,” – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, “Azəronline” MMC-nin rəhbəri Məsumov Kənan Elxan oğludur. O, bu vəzifəyə 2024-cü ilin aprel ayında təyin edilib. Sakinlərin fikrincə, elə məhz həmin ildən etibarən provayderin xidmətlərində fasilələr və keyfiyyət problemləri daha çox müşahidə olunmağa başlayıb.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələ ilə bağlı araşdırma aparılmasını və provayderin xidmət keyfiyyətinə nəzarətin gücləndirilməsini xahiş edirlər.

Patrulaz.az məsələ ilə bağlı “Azəronline” şirkətinin mövqeyini dərc etməyə hazırdır.


Bənzər xəbərlər