Ramazanda ərzaq qiymətləri niyə od tutub yanır? - İqtisadçı AÇIQLADI
Ramazan ayı ərzində bazarlarda və supermarketlərdə alıcılıq qabiliyyəti nəzərəçarpacaq dərəcədə artır. Xüsusilə iftar və sahur süfrələri üçün daha çox istifadə olunan məhsullara tələbat yüksəlir ki, bu da bəzi hallarda qiymət dəyişiklikləri ilə müşahidə olunur. Ənənəvi olaraq bu dövrdə ət və toyuq məhsulları, süd və süd məhsulları, xurma, düyü, şəkər tozu, un məmulatları, yağ, meyvə-tərəvəz (xüsusilə pomidor, xiyar), həmçinin şirniyyat və şərbətlik məhsulların qiymətlərində artım daha çox diqqət çəkir.
Bəs bu qiymət artımları əsasən mövsümi tələbatın artması ilə bağlıdır, yoxsa bazarda süni bahalaşma və spekulyativ halların da rolu var? Bu prosesin əsas səbəbləri nələrdir?
Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, ölkədə “süni qiymıt artımı” anlayışına yanaşma fərqli olmalıdır:
“Azərbaycanda süni qiymət artımı anlayışı ola bilməz. Çünki ölkədə dövlət tərəfindən əksər ərzaq məhsullarının qiymətləri birbaşa tənzimlənmir ki, süni artımdan söhbət gedə bilsin. Əgər süni qiymət artımı varsa, bu artıq kartel sövdələşməsi deməkdir və bu halda antiinhisar orqanları işə keçməlidirlər.
Yəni ya Azərbaycanda bazar iqtisadiyyatı mövcuddur və burada qiymətlər rəqabət əsasında formalaşmalıdır, ya da bazar iqtisadiyyatının elementləri zəifdir və inhisarçılıq halları var. Əgər inhisarçılıq mövcuddursa, bu, süni qiymət artımı deyil, kartel sövdələşməsidir. Bununla da antiinhisar orqanları məşğul olmalıdır. Əgər məşğul olmurlarsa, suallar məhz onlara ünvanlanmalıdır”.

İqtisadçı qeyd edir ki,gündəlik tələbat məhsullarının qiymətləri, dizel yanacağının bahalaşması səbəbindən ilin əvvəlindən etibarən artıb:
“Hazırda əsasən 25–30 adda gündəlik tələbat məhsullarının demək olar ki, hamısında bahalaşma müşahidə olunur. Bu artım təkcə Ramazan ayı ilə əlaqəli deyil. Ümumiyyətlə, ilin əvvəlindən dizel yanacağının qiyməti 10% artıb. Bu isə dövlət tərəfindən tənzimlənən qiymətlərə aiddir və Tarif Şurası tərəfindən artırılıb. Dizel yanacağının bahalaşması təbii olaraq ərzaq məhsullarının maya dəyərinə təsir göstərir. Daşınma xərcləri artır, kənd təsərrüfatında istehsal xərcləri yüksəlir və nəticədə qiymətlərə təsir edir”.
Cəmilə Cəfərzadə






