media-photo-output

Repetitorluq mövzusu bu gün təhsil sistemimizdə ən çox müzakirə olunan sahələrdən biridir. Məsələ həmişə o qədər kəskin qoyulur ki, konkret həll yollarına nail olmaq çətinləşir. Əvvəllər valideynlər uşaqları əsasən 10-11-ci siniflərdə repetitor yanına göndərirdilərsə, indi artıq ibtidai sinifdən belə bu praktikaya müraciət edirlər. Bəs nə dəyişib? Universitetə qəbul üçün mütləq repetitor yanına getmək lazımdırmı?

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, repetitorluğun son illərdə ibtidai siniflərə qədər enməsi təhsil sistemində gözləntilərin, valideyn davranışlarının və məktəb-resurs balansının dəyişdiyini göstərən ən ciddi tendensiyalardan biridir:

“Əgər 2005-2010-cu illərdə repetitorluğa əsasən 10-11-ci siniflərdə ehtiyac yaranırdısa, son on ildə bu tələb valideynlərin şüurunda o qədər erkənləşib ki, artıq 1-4-cü sinif şagirdlərinin belə hazırlığa cəlb edilməsi adi hala çevrilib. Apardığım müxtəlif lokal sorğular göstərir ki, hazırda şagirdlərin 30%-dən çoxu müxtəlif formalarda repetitor xidmətlərindən istifadə edir və bu göstərici ibtidai siniflərdə 12-15% həddinə yüksəlib. Bu dinamika təhsildə dəyişən meyillərin göstəricisidir.

“Ümumi təhsil haqqında” Qanunun 10.1-ci maddəsində məktəbin əsas funksiyası açıq şəkildə ifadə olunur: məktəb şagirdə baza bilikləri verməli və fənlərin mənimsənilməsi üçün zəruri şərait yaratmalıdır. Bu o deməkdir ki, ibtidai sinif şagirdi yalnız məktəbdə aldığı tədrislə oxu-yazma, riyazi məntiq, nitq və dünyagörüşü kimi baza bacarıqlarını tam şəkildə mənimsəməlidir. Repetitorluğun erkən yaşlarda genişlənməsi isə həm bu qanun müddəasının icrasında yaranan boşluqların, həm də valideynlərin imtahan yönümlü düşüncəsinin nəticəsidir”.

Ekspert ibtidai siniflərdə repetitorluğun mənfi təsirlərinə də diqqət çəkib:

“İbtidai sinif şagirdinin əlavə hazırlığa cəlb olunması onun psixoloji inkişafına mənfi təsir göstərir. UNESCO-nun 2023-cü il araşdırmasına görə, erkən yaşlardan repetitor yanına gedən şagirdlərdə məktəb narahatlığı 18–20%, öyrənmə motivasiyasının azalması isə 12–15% daha yüksək olur. Uşağın öyrənmə prosesinə oyun və araşdırma yolu ilə daxil olması əvəzinə nəticə yönümlü məşqlərlə yüklənməsi yaratıcı düşüncəni zəiflədir, sosial bacarıqların formalaşmasını ləngidir. Bundan əlavə, ibtidai sinifdə repetitorluq şagird–müəllim münasibətində “ikili sistem” yaradır və məktəbin tədris yükünü arxa plana keçirir.

Müsbət tərəfdən baxsaq, 9–11-ci siniflərdə imtahan yükünün çox olduğu mərhələdə repetitorluq boşluqları doldura və şagirdi dərinləşdirə bilər. Lakin bu, yalnız məktəbin verdiyi baza üzərində mümkün olur. İbtidai siniflərdə isə bu proses pedaqoji, psixoloji və hüquqi baxımdan izah edilə bilmir”.

Ekspert dünya təcrübəsinin də bunu təsdiqlədiyini qeyd edib:

“Estoniya, Finlandiya, Kanada və Almaniyada ibtidai siniflərdə repetitorluq halları 3–5% təşkil edir və yalnız xüsusi öyrənmə çətinliyi olan şagirdlərə tətbiq olunur. Cənubi Koreya və Yaponiyada isə repetitorluq ibtidai siniflərə qədər enmişdi, lakin psixoloji təsirlərə görə son 5 ildə məhdudlaşdırıcı mexanizmlər tətbiq edildi və nəticədə erkən hazırlıq 22–25% azaldı.

Elm və Təhsil Nazirliyinin son illər bu sahədə atdığı addımlar müsbət qiymətləndirilə bilər. Məktəbdaxili təlim keyfiyyətinin artırılması, ibtidai sinif müəllimlərinin peşəkarlığının gücləndirilməsi, fərdiləşdirilmiş təlim modellərinin tətbiqi, motivasiyanın artırılması və qiymətləndirmə sisteminin optimallaşdırılması repetitorluğa ehtiyacı azaldan mexanizmlərdəndir”.

Kamran Əsədov sonda bildirib:

“Hesab edirəm ki, repetitor yanına getmək universitetə qəbul üçün mütləq deyil. Məktəb öz funksiyasını tam yerinə yetirdikdə repetitorluq yalnız əlavə seçim kimi qalır. İbtidai siniflərdə isə repetitorluğun tamamilə aradan qaldırılması həm mümkündür, həm də vacibdir. Bu, məktəbin gücləndirilməsi, valideynlərin maarifləndirilməsi və uşağın inkişaf mərhələsinin düzgün qiymətləndirilməsi ilə həyata keçirilə bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər