media-ea390fec-b738-4f2e-9cec-61c0c0f2c96c

Son 10 ildə Azərbaycanda doğum səviyyəsində ciddi azalma müşahidə olunur. Rəsmi statistikaya görə, bu dövr ərzində doğumların sayı təxminən 60% azalıb. Bu, ölkənin demoqrafik göstəriciləri üçün olduqca narahatedici bir tendensiyadır. Əhalinin yaşlanması, ailə quranların və uşaq sahibi olmağa qərar verənlərin sayının azalması gələcəkdə həm sosial, həm də iqtisadi baxımdan ciddi fəsadlara səbəb ola bilər. Doğum səviyyəsinin azalmasına səbəb olan başlıca amillər barədə Patrulaz.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov öz fikirlərini bölüşdü:

“Azərbaycan Avropanın və dünyanın bir hissəsidir. Dünyada gedən bütün proseslər, o cümlədən demoqrafik, iqlim təsirləri və dəyişiklikləri, insanlarımıza da öz mənfi təsirlərini göstərir. Bu baxımdan görürük ki, boşanmaların sayına görə 3-cü yerdə olan Azərbaycanda demoqrafik problemlər də mövcuddur. Xüsusilə doğum səviyyəsinin azalması bir sıra ciddi nəticələrlə özünü büruzə verir.
Bütün dünyada qəbul olunmuş varianta görə, bir qadın 2,3 uşaq dünyaya gətirməlidir ki, doğuş sayı ölümü üstələsin. Biz isə bunun əksini görürük. Dünyanın ən sürətlə inkişaf etmiş ölkəsi olan Çində də, Avropa və Amerikada da doğuşun səviyyəsi günü-gündən düşüb. Bəlkə də bu planetimizin özü-özünü tənzimləmə mexanizminə görədir. Üstəlik, iqtisadi və sosial vəziyyət, gərginliklər, oturaq iş, qidalanma ilə bağlı bir çox məsələlər doğuşun səviyyəsinin aşağı enməsinə təsir göstərən faktorlardır. Ümümiyyətlə cəmiyyətlərin rifahı qalxdıqca, insanlar özünəvurğunluq hissini yaşayaraq öz komfortlarını əldən vermək istəmirlər. Yəni qadınlar dünyaya uşaq gətirmək istəmir, kişilər isə ailə məsuliyyətini boynuna götürmək istəmir. İşsizlik rahat həyat tərzi, oturaq iş, normal qidalanmamağın sonu məhz belə problemləri ortaya gətirir. Onu da nəzərə almaq lazımdır ki, insanların həyat keyfiyyəti artıb. Ömürün uzunluğu 90 və ya 100 yaşa bərabərdir. Bu da əlbəttə ki, demoqrafik problemlərə səbəb olub. Bunun acı nəticələrini isə Azərbaycan cəmiyyəti indi görür”.

media-ca456dc6-660c-4d17-b135-655c6e90954e
Yazıçı-kulturoloq doğum səviyyəsindəki azalmanın ciddiliyinə toxunmaqla yanaşı, bu tendensiyanın qarşısını almaq üçün atıla biləcək mühüm addımları da vurğuladı:

“Bunların qarşını almaq müəyyən dövlət proqramları ilə mümkündür. Uşaqların normal qidalandırılması, uşaq pulu verilməsi və s. kimi məsələlərlə sözügedən problemi tənzimləyə bilərik. Son ildə baş verən həm qlobal, həm də lokal münaqişələr, xüsusilə Qarabağ müharibəsi nəticəsində yaranan qaçqınlıq və köçkünlük, insanların sağlamlığına ciddi təsir göstərib. Eyni zamanda, pandemiyada həlak olanların əksəriyyətinin gənclər olması, xarici ölkələrə mühacirət edənlərin daha çox gənclərdən ibarət olması kimi məsələlər də önə çıxır. Hələ sevinməliyik ki, bu proses Azərbaycanda gec baş verib. Əsas məsələ ailə qurulması və bu dəyərlərin yaşadılmasıdır. Gənc ailələrinin mənzil və işlə təmin edilməsi, uşaqların sağlam qidalanması ilə bağlı dövlət proqramlarının olmaması və aidiyyəti dövlət qurumlarının bu məsələyə ciddi yanaşmaması, bu problemin yaranmasına səbəb olur”.

Bu kimi narahatedici hallar müsahibimiz Aydın Xan Əbilovun da diqqətindən yayınmayıb. O, həm reproduktiv sağlamlıqla bağlı artan problemlərə, regionlarda müşahidə olunan doğuş risklərinə, həm də gənclər arasında ailə və valideynlik məsuliyyətinə olan yanaşmanın dəyişməsinə toxundu. Əbilov hesab edir ki, doğum səviyyəsindəki azalma təkcə tibbi və sosial səbəblərlə deyil, həm də psixoloji və mədəni faktorlarla bağlıdır. Onun fikrincə, aidiyyəti qurumların bu məsələyə laqeyd yanaşması vəziyyəti daha da dərinləşdirir və kompleks yanaşma tələb olunur:

“Son vaxtlar, bir çox gənc ana normal uşaq dünyaya gətirə bilmir və əməliyyatla doğulan uşaqların əksəriyyəti gələcəkdə normal uşaq dünyaya gətirməkdə çətinliklər yaşayır. Bir faktı qeyd edim ki, Zaqatalada ard-arda uşaq dünyaya gətirən ananın beşinci övladı ölüb. Lakin bu məsələ ilə bağlı nə aidiyyəti dövlət qurumları araşdırma aparır, nə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və ya TƏBİB tərəfindən kritik böhran qrupu yaradılıb və həmin bölgə nəzarətə götürülüb. Həmçinin, gənclərimizin Avropaya meyilliliyi, “özüm üçün yaşayıram” prinsipi ilə həyat sürmələri, karyeradan sonra uşaq dünyaya gətirməyi planlaşdırmaları və bu kimi digər hallar da demoqrafik problemlərə səbəb olur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər