Bu emojilər “cinsi təcavüz” hesab edildi
Türkiyənin Diyarbəkir vilayətində yaşayan 32 yaşlı evdar qadın Z.Y., ötən il sosial media hesabına tanımadığı 69 yaşlı H.T. adlı şəxsdən gələn mesajlar səbəbiylə Respublika Prokurorluğuna müraciət edib.
Patrulaz.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, yaşlı kişinin qadına öpüş və ürək emojiləri ilə birlikdə “Möhtəşəmsən canım, çox şirinsən canım” kimi mesajlar göndərdiyi müəyyən olunub.
H.T. barəsində Respublika Baş Prokurorluğu tərəfindən “Cinsi təcavüz” ittihamı ilə cinayət işi açılıb.
Məhkəmə prosesində prokuror bildirib ki, təqsirləndirilən şəxs Instagram hesabından zərərçəkənə müxtəlif vaxtlarda mesajlar göndərib, ürək və öpüş emojiləri yollayıb.
Prokuror, H.T.-nin ziddiyyətli ifadələrinin onu məsuliyyətdən yayındırmaq məqsədi daşıdığını vurğulayıb və onun Türkiyə Cəzalar Məcəlləsinin 105/1, 105/2-d, 43/1 və 53-cü maddələri əsasında cəzalandırılmasını tələb edib.
69 yaşlı kişi ittihamları rədd edərək, hesabının sındırıldığını və mesajları onun yazmadığını iddia edib.
Məhkəmənin yekun qərarına əsasən, H.T. göndərdiyi emojilər və yazdığı mesajlara görə inzibati cərimə ilə cəzalandırılıb.
H.T.-yə 2 min 800 lirə məbləğində inzibati pul cəzası kəsilib.
Ləman Sərraf