“Rəsmi bank əməkdaşı heç vaxt bunu soruşmaz!” - "Saxta bank” zənglərini real olandan necə ayırd edək?
Son bir neçə ildə Azərbaycanda bank əməkdaşı adı ilə vətəndaşlara zəng edilərək kart məlumatlarının ələ keçirilməsi halları müşahidə olunur. Proses belədir ki, vətəndaş telefona cavab verdikdə, dələduz özünü hər hansı bankın əməkdaşı kimi təqdim edir və daha sonra müxtəlif bəhanələrlə ondan kart məlumatlarını tələb edir.
Bu yaxınlarda da belə hallardan birində vətəndaş aldadılaraq kart hesabındakı vəsait tamamilə boşaldılıb.
Bu cür zənglərin rəsmi bank xidmətləri ilə əlaqəsinin olub-olmadığını necə müəyyən etmək olar? Vətəndaşların bu cür dələduzluq hallarına aldanmaması üçün nələrə diqqət yetirilməlidir?
Bununla bağlı Patrul.az-a kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasımov bildirib ki, rəsmi bank əməkdaşları telefon zəngi ilə vətəndaşlardan heç vaxt kod tələb etmir:
“Rəsmi bank əməkdaşları heç vaxt telefonla kart məlumatlarını, CVV-ni və ya SMS kodunu istəmirlər. Əgər zəng zamanı bu məlumatlar tələb olunursa, bu artıq dələduzluqdur. Belə zənglərin real olub-olmadığını yoxlamaq üçün ən doğru addım zəngi dərhal sonlandırmaq və bankın rəsmi nömrəsinə özünüz geri zəng etməkdir. Zəng edən şəxsə inanaraq məlumat paylaşmaq ən böyük riskdir”.

Z.Qasımov mesajlar vasitəsilə edilən kiberdələduzluqlar barədə də xəbərdarlıq edib:
“Vətəndaşlara əsas tövsiyəm odur ki, kart məlumatlarını heç kimlə paylaşmasınlar, hətta qarşı tərəf özünü bank əməkdaşı kimi təqdim etsə belə. Xüsusilə SMS ilə gələn təsdiq kodlarının verilməsi hesabın tam ələ keçirilməsinə səbəb olur. Bu cür dələduzlar adətən insanları qorxu və tələsdirmə ilə yönləndirir – “kartınız bloklanacaq”, “hesabınızdan pul çıxılır” kimi ifadələrdən istifadə edirlər. Belə hallarda sakit qalmaq, panikaya düşməmək və rəsmi kanallar vasitəsilə (məsələn, bankın qaynar xətti və ya dəstək xətti vasitəsilə) yoxlama aparmaq vacibdir”.
Mütəxəssis sonda bu cür vəziyyətlərdə vətəndaşları birbaşa rəsmi bankla əlaqə saxlamağa çağırıb:
“Şübhəli vəziyyət yaranarsa, dərhal bankla əlaqə saxlanmalı və ehtiyac olarsa kart blok edilməlidir. Unutmamaq lazımdır ki, bu hücumlar texniki deyil, daha çox insan faktoruna əsaslanır”.
Gülbəniz Səfərova






