media-inshot_20260409_200513077

Son dövrlərdə Dövlət Sosial Müdafiə Fondu və digər dövlət qurumlarının adından sosial şəbəkələrdə yayılan saxta yardım elanları vətəndaşların aldadılması hallarını artırıb; bu cür kiber dələduzluq üsulları insanların şəxsi məlumatlarını və maliyyə vəsaitlərini hədəf alır.

Bəs bu dələduzluq sxemləri konkret olaraq hansı üsullarla həyata keçirilir və vətəndaşlar bu cür hallardan qorunmaq üçün hansı addımları atmalıdır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, saxta yardım elanları etibardan istifadə edib vətəndaşları saxta linklər vasitəsilə məlumatlarını paylaşmağa yönəldir, buna görə yalnız rəsmi mənbələrə etibar etmək lazımdır:

“Bu tip saxta yardım elanları əsasən insanların etibarından və empatiya hissindən istifadə edərək həyata keçirilir. Fırıldaqçılar dövlət qurumlarının adından çıxış edib “yardım”, “dəstək ödənişi” kimi cəlbedici mesajlarla insanları saxta linklərə yönləndirirlər və nəticədə vətəndaşların kart məlumatları və ya təsdiq kodları ələ keçirilir.

Qeyd etmək vacibdir ki, dövlət qurumları bu cür müraciətləri təsadüfi sosial şəbəkə linkləri üzərindən etmir. Vətəndaşlar yalnız rəsmi sayt və rəsmi kanallara etibar etməlidirlər. Şübhəli linklərə daxil olmamaq, şəxsi və bank məlumatlarını heç kimlə paylaşmamaq və hər zaman saytın ünvanını diqqətlə yoxlamaq bu tip hallardan qorunmaq üçün əsas addımlardır”.

media-inshot_20260409_203350455

Mütəxəssis qeyd edir ki, kiberdələduzlar saxta loqolar, rəsmi görünüşlü səhifələr və phishing linklər vasitəsilə istifadəçiləri aldadaraq onların kart məlumatlarını ələ keçirməyə çalışırlar:

“Ümumiyyətlə, həddindən artıq cəlbedici görünən və tələsik qərar verməyə yönəldən təkliflərə qarşı daha diqqətli yanaşmaq lazımdır, çünki bu kimi halların böyük hissəsi kiberdələduzluq məqsədi daşıyır.

Ən çox istifadə olunan üsullar saxta dövlət loqolarından və rəsmi görünüşlü səhifələrdən istifadə edilməsi, SMS və sosial şəbəkələr üzərindən phishing linklərin göndərilməsi, “qeydiyyatdan keç və yardım al” kimi yönləndirmələrlə istifadəçilərin aldadılması və nəticədə kart məlumatlarının daxil edilməsi üçün saxta ödəniş səhifələrinə yönləndirilməsidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər