media-inshot_20260508_195453950

Paytaxtın küçələrində addımbaşı rast gəldiyimiz qızartma qoxulu köşklər, əslində böyük bir cinayət zəncirinin son halqası ola bilər. Restoran mətbəxlərindən “tullantı” adı ilə çıxarılan, lakin utilizasiya olunmaq əvəzinə qara bazarda satılan işlənmiş yağlar, bu gün minlərlə insanın sağlamlığını hədəf alır. “Ucuzdur” deyib aldığınız bir ədəd pirojki və ya perajki, əslində onlarla dəfə qaynadılmış, tərkibi ağır metallarla zənginləşmiş rəngi qaralmış zəhərin daşıyıcısıdır.

Patrul.az araşdırmalarına görə, işlənmiş yağların “ikinci həyatı” heç də təsadüfi deyil, bu mütəşəkkil bir sxem üzrə işləyir:

Küçə kənarlarında, antisanitar şəraitdə satılan un məmulatları üçün ən böyük xərc maddəsi yağdır. Xərcləri azaltmaq üçün bəzi işbazlar restoranlardan çıxan, artıq şlam halına gəlmiş ucuz “işlənmiş yağları” alırlar. Bu yağlar həftələrlə dəyişdirilmir, sadəcə üzərinə yeni zəhər əlavə edilir.

Kartof qızartması (fri) hazırlanan aparatlardakı yağlar bir neçə saatdan bir dəyişdirilməlidir. Araşdırmalar göstərir ki, bəzi obyektlərdə yağın rəngi tünd qəhvəyi olana qədər istifadə davam edir. Bu yağda bişən hər bir məhsul süngər kimi kanserogen maddələri canına çəkir.Axşam saatlarında bəzi iaşə obyektlərindən plastik qablarda çıxarılan yağlar, xüsusi adamlar tərəfindən toplanaraq kiçik sexlərə və ayaqüstü yemək yerlərinə paylanılır. Bu dövriyyədə heç bir sənəd, lisenziya və ya tibbi nəzarət yoxdur.

İşlənmiş yağın təkrar istifadəsi orqanizm üçün geri dönülməz fəsadlar yaradır:

Nişastalı məhsullar (un, kartof) köhnə yağda bişdikdə yüksək miqdarda akrilamid ifraz edir. Bu maddə birbaşa mərkəzi sinir sistemini zədələyir və xərçəng yaradır.

Mədə-bağırsaq infeksiyaları – “Köhnə yağda bişmiş pirojki” sadəcə mədə yanması deyil, həm də ağır qida zəhərlənmələri və xroniki qastritin əsas səbəbidir. Küçədə satılan perajkilərin içindəki ətin və ya kartofun keyfiyyəti bir yana, istifadə olunan yağın özü artıq bir “kimyəvi silahdır”.

İşlənmiş yağları qanunsuz yollarla realizə edən şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ciddi cərimələr və cinayət işi gözləyir. İstehlakçı olaraq hüququnuzdur: Bişirilən yağın rənginə baxın və şübhəli məqamda qəbz tələb edərək şikayət edin.

Küçədə satılan ucuz “perajki” sizin bir neçə manatınıza qənaət edə bilər, amma sağlamlığınızı bərpa etmək üçün minlərlə manat yetməyə bilər. Nə yediyinizə diqqət edin!

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər