Rusiya 9 May münasibətilə birtərəfli atəşkəs elan etdi
Rusiya Federasiyasının Müdafiə Nazirliyi, 9 May – Qələbə Günü münasibətilə Ukraynadakı hərbi əməliyyatlar zonasında birtərəfli qaydada atəşkəs rejiminin tətbiq ediləcəyini açıqlayıb.
Patrul.az xəbər verir ki, qərar Rusiya Prezidenti Vladimir Putinin müvafiq sərəncamına əsasən, İkinci Dünya müharibəsində qazanılmış qələbənin 81-ci ildönümü şərəfinə qəbul edilib.
Bildirilib ki, atəşkəs rejimi 8 may saat 00:00-dan etibarən qüvvəyə minəcək və 10 may tarixinədək davam edəcək.
Məlumata görə, müəyyən olunmuş vaxt kəsiyində raket qoşunları, artilleriya bölmələri və zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyəti tamamilə dayandırılacaq.
Rusiya tərəfi bildirib ki, qarşı tərəfdən hər hansı hərbi təxribat və ya hücum cəhdi qeydə alınarsa, rəsmi Moskva buna Kiyevin mərkəzi infrastrukturuna kütləvi raket zərbələri endirməklə cavab vermək hüququnu özündə saxlayır.
Bununla belə, Ukrayna tərəfi humanitar prioritetləri əsas gətirərək, artıq mayın 5-dən 6-na keçən gecə fərqli bir atəşkəs rejimi elan etdiklərini bildirib. Rəsmi Kiyev vurğulayır ki, insan həyatının qorunması istənilən təqvim günündən və ildönümündən daha üstün bir prioritetdir.






