“Rusiya 9 May paradını qorumaq üçün atəşkəsə əl atdı” – Politoloqdan sərt AÇIQLAMA
Rusiya “9 May – Faşizm üzərində Qələbə Günü” münasibətilə Ukraynaya qarşı müharibədə 3 günlük atəşkəs elan etmişdi. Lakin Ukrayna tərəfinin məlumatına görə, elan olunmuş atəşkəsə baxmayaraq, Rusiya Kiyevə raket və dron hücumlarını davam etdirir. Bütün bunlara baxmayaraq, Ukrayna tərəfinin ABŞ-nin təklif etdiyi sülhlə bağlı şərtlərin müəyyən qismini qəbul etməsində əsas məqsədi nədir? Rusiya hansı səbəbdən keçiriləcək parad ərəfəsində 3 günlük atəşkəs elan etdi?
Bu barədə Patrulaz.az-a açıqlama verən politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın atəşkəslə bağlı əsas məqsədi 9 May paradını təhlükəsiz şəkildə keçirməkdir. Onun fikrincə, Rusiya bu 3 günlük atəşkəs təklifi ilə həm ölkə daxilində hərbi gücünü nümayiş etdirmək, həm də beynəlxalq səviyyədə diqqəti yayındırmaq istəyir:
“Bu, tərəflər arasında baş verən ikitərəfli xarakterli müharibədir. Bu kontekstdə ABŞ-nin təklifləri əsasında Ukraynanın birtərəfli şəkildə şərtləri qəbul etməsi, hələ nə müharibənin sona çatmasına, nə də atəşkəsin təmin olunmasına zəmanət verir. Çünki Rusiya konkret iddialar və şərtlərlə çıxış edir. Bir tərəfdən Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu bəyan etsə də, digər tərəfdən qısamüddətli atəşkəs təklifləri ilə zaman qazanmağa çalışır. ABŞ və Rusiya arasında aparılan danışıqların uzadılması nəticəsində hazırda Ukrayna qoşunları Kursk bölgəsindən demək olar ki, tamamilə geri çəkilmək üzrədir. Doğrudur, hələ də Ukrayna ordusunun Kurskda bəzi mövqeləri qalmaqdadır, lakin məhz bu vəziyyətdən istifadə edən Rusiya bir sıra işğal olunmuş əraziləri nəzarətinə qaytara bilmişdir. Bu prosesin əsas səbəblərindən biri ABŞ-nin Ukraynaya hərbi yardımını, xüsusilə silah tədarükünü və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırması olmuşdur. Hazırkı mərhələdə Rusiya vaxtı uzatmaqla öz şərtlərinin qəbul etdirilməsinə nail olmağa çalışır. Halbuki, artıq üç ildən çox davam edən müharibə ərzində bu tələbləri hərbi yolla reallaşdıra bilməyib. İndi isə Rusiya hərbi yolla əldə edə bilmədiyi məqsədlərə ABŞ-nin iştirakı və yardımı ilə nail olmaq niyyətindədir. Bir tərəfdən atəşkəs təşəbbüsləri irəli sürərək ABŞ ilə danışıqlar aparır, münasibətlərin nizamlanmasına çalışır, digər tərəfdən isə ABŞ-nin Ukraynaya təzyiq göstərməsi və hərbi yardımın dayandırılması vasitəsilə yeni əraziləri işğal etmək imkanları qazanmağa çalışır. Bu səbəbdən də, əgər Rusiya bu strateji oyunu davam etdirməyə davam edərsə və ABŞ onun məqsədlərini açıq şəkildə ifşa etməyib mövcud reallığı qəbul etməzsə, nə davamlı atəşkəs əldə olunacaq, nə də sülh prosesi başlaya biləcək”.
Politoloqun qənaətincə, Rusiya öz maksimalist tələblərindən geri çəkilmədiyi və geosiyasi oyunlara davam etdiyi müddətcə, tərəflər arasında davamlı sülh perspektivi mümkün görünmür. Bu isə bölgədə qeyri-müəyyənliyin və hərbi toqquşmaların uzunmüddətli olacağını göstərir:
“Hazırda Rusiyanın şərtlərində hər hansı bir dəyişiklik yoxdur. Bu şərtlər isə Ukrayna dövlət rəhbərliyi tərəfindən birmənalı şəkildə rədd edilib. Rusiya Krıma əlavə olaraq, işğal etdiyi dörd vilayətin də Ukrayna tərəfindən tanınmasını tələb edir. Bundan əlavə, Rusiyanın silahsızlaşdırma, Ukrayna ordusunun sayının minimuma endirilməsi və NATO-ya üzvlükdən birdəfəlik imtina kimi tələbləri də mövcuddur. Eyni zamanda, Rusiya dilinin Ukraynada yenidən rəsmi status qazanması və ana dil kimi Ukrayna dili ilə yanaşı mövcud olması ilə bağlı tələblər də irəli sürülür. Bütün bunlar fonunda Rusiyanın mövcud mövqeyi dəyişmədiyi üçün davamlı bir atəşkəsdən danışmaq mümkün deyil. Müharibə davam edir və görünən odur ki, yaxın vaxtlarda da davam edəcək. Ukrayna bir tərəfdən ABŞ ilə sülh danışıqlarına hazır olduğunu bəyan edir, digər tərəfdən isə həm ikitərəfli formatda ABŞ-Ukrayna təmaslarında, həm də müttəfiqləri vasitəsilə ABŞ rəhbərliyinə Rusiyaya etibar etməməli olduğunu və konkret atəşkəsin əldə olunması üçün Moskvaya təzyiq göstərilməsinin vacibliyini çatdırmağa çalışır. ABŞ bu reallığı qəbul etmədiyi və Rusiyanın oyunları ifşa olunmadığı təqdirdə müharibənin davam edəcəyi qaçılmazdır. Belə olan halda, ABŞ həm NATO üzrə strateji müttəfiqi olan Avropa Birliyinə, həm də onun təhlükəsizlik sistemində iştirak edən Ukraynaya zərər verməyə davam edəcək. Lakin Rusiyanın da artıq vaxtı məhduddur”.
Natiq Miriyə görə, Rusiya 9 May paradını qorumaq üçün atəşkəs təklifi irəli sürüb. Çünki Ukraynanın hücum ehtimalı var və bu, tədbiri poza bilər. Rusiya həm təhlükəsizliyi təmin etmək, həm də güc nümayiş etdirmək istəyir. Politoloq ABŞ-ni bu oyunu görməyə və Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırır:
“9 May Hərbi Paradını bəhanə edərək elan edilən 3 günlük atəşkəs təklifi, əslində Rusiyanın təhlükədən ehtiyat etdiyini göstərən bir addımdır. Çünki Kreml meydanında keçiriləcək parada Ukrayna tərəfindən dron və raket hücumlarının olacağı ehtimalı yüksəkdir. Belə bir hadisə baş verərsə, 9 May paradı pozula bilər və heç bir dövlət başçısı belə bir risk qarşısında Rusiyaya gəlmək istəməz. Bu səbəbdən Rusiya 3 günlük atəşkəs ideyası ilə həm paradı keçirmək, həm də dünyaya gücünü göstərmək niyyətindədir. ABŞ isə bu oyunları dərk etməli və ifşa etməlidir. Rusiya bu cür davranışlarına görə ciddi sanksiyalarla cəzalandırılmalıdır. Əks halda müharibə daha da şiddətlənəcək. Ukrayna isə sülh tərəfdarı olduğunu göstərmək üçün ABŞ-nin irəli sürdüyü şərtləri qəbul edir. Lakin Kiyev bunun real olmadığını çox yaxşı bilir. Çünki Putin müharibəni dayandırmaq istəsə belə, ölkədə fəaliyyət göstərən və “Müharibə partiyası” adlandırılan güc strukturları buna imkan verməyəcək. Bu strukturlar müharibə hesabına milyardlarla qazanc əldə edirlər. Qısası, Rusiya üçün insan amilinin heç bir önəmi yoxdur. Moskva yalnız güc dilini anlayır. Məhz buna görə də, Ukrayna beynəlxalq ictimaiyyətdən Rusiyaya qarşı daha ciddi təzyiqlərin tətbiqini tələb edir”.
Gülbəniz Səfərova