media-inshot_20260403_194130930

Rusiya-Ukrayna müharibəsinin 1500-cü günündə Rusiya hərbi hava qüvvələri ard-arda ağır itkilərlə üzləşib.

Patrul.az xəbər verir ki, 31 mart – 3 aprel 2026-cı il tarixləri arasında Rusiya Silahlı Qüvvələrinə məxsus dörd hərbi təyyarə qəzaya uğrayıb.

Martın 31-də “Su-34” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Pilotlardan biri həlak olub, digəri isə sağ qalıb. Hadisənin baş vermə səbəbi isə açıqlanmayıb.

Eyni gündə Krımın Bağçasaray rayonunda daha bir qəza baş verib. “An-26” tipli hərbi nəqliyyat təyyarəsi qayaya çırpılıb. Hadisə nəticəsində 7 ekipaj üzvü və 23 sərnişin daxil olmaqla, ümumilikdə 30 nəfər həlak olub. Hadisə zamanı Rusiya Şimal Donanmasının yüksək rütbəli komandanlarından biri, general-leytenant Aleksandr Otroşşenko da həlak olanlar arasında olub.

Aprelin 2-nə keçən gecə isə Krım yarımadasında növbəti itki qeydə alınıb. Rusiyaya məxsus “An-72P” təyyarəsi pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınaraq tamamilə məhv edilib. Hücum zamanı bölgədəki radar sistemlərinin də sıradan çıxdığı bildirilir.

Aprelin 3-də Krım səmasında keçirilən növbəti təlim uçuşu zamanı daha bir təyyarə – “Su-30” qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, bu hadisə zamanı ekipaj üzvləri katapult edə bildiyi üçün insan itkisinin qarşısı alınıb.

Xatırladaq ki, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi artıq 1500 gündür davam edir. Beynəlxalq ekspertlərin və monitorinq qruplarının rəyinə görə, hər iki tərəfdən ümumi itkilərin (ölən və yaralananlar) sayı artıq 1 milyon nəfərlik kritik həddi keçib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər