Rusiya Azərbaycana yenidən təşəkkür etdi
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 1-də keçirdiyi brifinqdə Rusiyanın İrana göndərdiyi humanitar yüklərin daşınmasında göstərdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
Patrul.az xəbər verir ki, diplomat Rusiyanın İran əhalisinə mütəmadi olaraq humanitar dəstək verdiyini vurğulayaraq, martın 27-də Azərbaycanın Astara şəhərində (İranla sərhəddə) növbəti yardım partiyasının təhvil verildiyini xatırladıb.
Qeyd olunub ki, dəmir yolu ilə çatdırılan 300 tondan çox dərman vasitəsi ilə yanaşı, həmin gün Rusiyanın Dağıstan Respublikasından toplanmış 150 tonluq ərzaq və zəruri mallardan ibarət yük də avtomobil karvanı ilə bölgəyə çatdırılıb.
M. Zaxarova bildirib ki, Rusiya hərbi zərbələr nəticəsində zərər çəkmiş İran xalqına yardımları davam etdirəcək.
Xatırladaq ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək, humanitar prosesdə göstərilən operativ köməyə görə minnətdarlığını bildirmişdi.
Qeyd edək ki, Azərbaycan üzərindən İrana ilk humanitar yardım partiyası martın 12-də hava nəqliyyatı vasitəsilə göndərilmişdi.






