Kreml fon der Leyenin təyyarəsindəki nasazlıqla bağlı Rusiyaya yönələn şübhələrə cavab verdi
Kremlin mətbuat katibi Dmitri Peskov Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təyyarəsinin enişi zamanı yaranan problemlərlə Rusiyanın hər hansı əlaqəsinin olmadığını bildirib.
Patrulaz.az xəbər verir ki, Peskov bu barədə “Financial Times”a açıqlamasında yayılan məlumatların əsassız olduğunu vurğulayaraq, Moskvanın naviqasiya sistemindəki nasazlıqlarda rolunun olmadığını qeyd edib.
Xatırladaq ki, avqustun 31-də fon der Leyenin göyərtəsində olduğu təyyarə Bolqarıstanın Plovdiv hava limanına enərkən GPS siqnalı kəsilib və hava limanında rabitə nasazlığı qeydə alınıb. Nəticədə pilotlar enişi kağız xəritələrin köməyi ilə həyata keçirməli olublar.
Qeyd edək ki, hadisədən sonra Avropada baş verənlər Rusiyanın Qərbə qarşı apardığı hibrid müharibənin tərkib hissəsi kimi qiymətləndirilib və Moskva GPS siqnallarının məqsədli şəkildə tıxanmasında ittiham olunub.






