"Rusiyanın bu cür davranışları iki ölkə arasında münasibətlərə xələl gətirir" - ŞƏRH
Ötən günlərdə Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.
Son dövrlərdə Rusiyada miqrantlara qarşı təzyiqlər və onlara qarşı zorakılıq hallarının artması, o cümlədən, azərbaycanlılara qarşı olan aqressiya barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Patrulaz.az-a fikirlərini bölüşüb:
“Təəssüflə qeyd etmək lazımdır ki, bu ilk dəfə baş verən bir hadisə deyil. Gah azərbaycanlı millət vəkilinin Rusiyaya buraxılmaması, gah informasiya resurslarımıza qarşı baş verən kiberhücumlar, indi isə həmyerlilərimizin öldürülməsi göstərir ki, bu ölkədə şovinizm baş alıb gedir. Zaman-zaman bütün bunları türkmənlərə, özbəklərə, qazax və digər xalqların nümayəndələrinə qarşı da həyata keçirdilər”.
Millət vəkili təəssüf hissi ilə bildirib ki, bu, artıq Rusiya dövlətinin siyasətinə çevrilib və ardıcıl xarakter alıb:
“Bugünkü gündə Rusiya Ukraynada öz soykökündən olan insanlara qarşı soyqırım, kütləvi qətliam törədir. Bu mənada hazırda yaşanan vəziyyət təəccüblü deyil.
Belə təxribatlara Rusiya tərəfi son qoymalı, bu cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır. Cəzasızlıq davam etdikcə bu addımlar daha da intensivləşir. Bu da iki ölkə arasında münasibətlərə ciddi şəkildə xələl gətirir. Təbii ki, bu ölkə ilə əlaqələrimiz tarixən yaxşı olub. Lakin belə hadisələrin baş verməsi nəticəsində biz Rusiya ilə münasibətimizdə hər hansı bir inkişafdan danışa bilmərik”.
Ləman Sərraf