media-inshot_20250908_175923637

Rusiya hökuməti ölkədə yaşayan miqrantlara qarşı sərt qaydalar tətbiq etməyə davam edir. Moskvanın miqrantlarla bağlı qanunvericiliyindəki dəyişikliklərə əsasən, qanunsuz miqrantlara sentyabrın 10-dək ölkədən çıxmaq üçün möhlət verilib.

Rəsmi açıqlamalara görə, bu addım həm əmək bazarındakı boşluqları doldurmaq, həm də Ukrayna cəbhəsində canlı qüvvə təmin etmək məqsədi daşıyır. Eyni zamanda, mühacirlərin kirayədə qalması polis nəzarətinin güclənməsinə səbəb olur.

Qanunsuz miqrantlara qarşı ultimatum verilərək, onlara ya deportasiya ediləcəkləri, ya da vətəndaşlıq əldə edə biləcəkləri bildirilib. Məsələnin ən çətin tərəfi isə əvvəllər bu proses məhkəmə yolu ilə həyata keçirilirdisə, indi təhlükəsizlik qüvvələri birbaşa icra edəcək. Rusiyada yaşayan miqrantlar polis qüvvələri tərəfindən ölkədən çıxarılacaq.

Bəs maraqlıdır ki, Rusiya Ukrayna ilə müharibə ərəfəsində hansı səbəblərə görə miqrantları sərt şəkildə ölkədən çıxartmaq istəyir? Bu məsələnin Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına nə kimi təsirləri olacaq?

Politoloq Elçin Xalidbəyli bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Rusiya qarşı ağır sanksiyalar qəbul etmək niyyəti və ABŞ-dən Ukraynaya silah tədarükünün başlaması, Rusiya iqtisadiyyatının çöküşü Kremlin üçün böyük narahatlıq doğurur. 

Politiloqun fikrincə, miqrantların təcili şəkildə ölkədən deportasiyası birbaşa azərbaycanlılara yönəlmiş təzyiq üsullarından biridir:

“Rusiyanın son vaxtlar qəbul etdiyi əksər qərarlar Kremlə isterik bir əhval-ruhiyyənin olduğunu göstərir. Rusiya iqtisadiyyatı çöküş mərhələsinə keçib və hazırda Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı ağır sanksiyalar qəbul etmək niyyətindədir. Üstəlik, Ukrayna ordusu da əməlli-başlı silahlandırılma mərhələsinə yaxınlaşır, artıq ABŞ-dən Ukraynaya silah tədarükü başlayıb. Yəni, bütün bunlar Kremlə böyük narahatlıq doğurur. Buna görə də Rusiya siyasi idarələri isterik vəziyyətdə Rusiya cəmiyyətinə yeni düşmən təqdim edirlər. Bu, bir neoimperialist ideologiyanın tərkib hissəsidir. Xarici və daxili düşmənlər yaradaraq, bu düşmənlərə qarşı ümumi mübarizə cəhdləri göstərilir.

Hazırda Rusiyadakı miqrantlara qarşı zorakılıq və qəddarlıq halları ilk növbədə Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi kimi baş verməkdədir. Böyük ehtimalla, Azərbaycan vətəndaşlarının əksəriyyəti Rusiyadan ölkəmizə geri qayıtmalı olacaqlar. Ümumiyyətlə, Rusiyadakı miqrantların fəaliyyəti və yaşaması qanunsuz deyil. Yəni, Rusiyada qanunsuz miqrant mövcud deyil, sadəcə miqrantlar mövcuddur. Azərbaycanlı miqrantlar da daxil olmaqla, bütün miqrantlar Rusiya miqrasiya qanunlarına uyğun şəkildə həmin ölkədə fəaliyyət göstərirlər. Ona görə də onların Rusiya tərəfindən “qanunsuz miqrant” kimi təqdim edilməsi absurddur və məntiqsizdir.

E.Xalidbəylinin sözlərinə görə, Rusiyanın miqrantlar barəsindəki əsas siyasəti iqtisadiyyatında ucuz işçi qüvvəsini çoxaltmaqdır. Bunu da rəsmi Kreml Hindistandan daha ucuz qiymətə miqrantların gətirilməsi ilə həyata keçirmək istəyir:

“İndi postsovet məkanından olan miqrantlara, o cümlədən azərbaycanlı miqrantlara qarşı düşmənçilik siyasəti məhz Rusiyanın siyasi maraqlarından qaynaqlanır. Hətta ümumiyyətlə, ölkədəki miqrantların çıxarılması nəzərdə tutulur. Bunun əvəzində isə Hindistandan daha ucuz qiymətə miqrantların gətirilməsi və onların Rusiya iqtisadiyyatında ucuz qüvvə kimi işlədilməsi planlaşdırılır. Yəni Rusiya iqtisadiyyatındakı çöküş mərhələsi miqrantların əməyinin ödənilməsində daha ucuz işçi qüvvəsinə ehtiyac yaradıb.

Bu da onu göstərir ki, indi postsovet məkanından olan miqrantların, o cümlədən azərbaycanlı miqrantların hindistanlı miqrantlarla əvəz olunmasına məcbur qalıblar. Bunu isə düşmənçilik kontekstində Azərbaycana qarşı kampaniya kimi reallaşdırırlar. Ancaq Rusiyanın bu davranışları özünə zərər verə bilər. Çünki postsovet məkanından olan miqrantlar, o cümlədən azərbaycanlılar Rusiyanın bazarlarını və iqtisadiyyatını kifayət qədər yaxşı bilirdilər və Rusiyaya fayda verirdilər. Hindistanlıların isə gəlib orada hansı işləri necə görəcəkləri hələ bəlli deyil. Bu baxımdan Rusiya olduqca təhlükəli addımlar atır və bu addımlar da Rusiyanın dünya miqyasında mövqelərinin zəifləməsi, Ukrayna savaşında daha dərin müharibə bataqlığına düşməsi səbəbindən Kremlə yaranmış isterik vəziyyətin nəticələridir”.

Beləliklə, Rusiyanın sərtləşən miqrant siyasəti həm postsovet ölkələri, həm də ölkə daxilində gərginliyi artırır və iqtisadi riskləri böyüdür.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər