Sahibkar: “ADRA əvvəl icazə verdi, sonra reklamımı sökdü” - VİDEO
Patrul.az-a müraciət edən Əhmədov Ülvi Nazim oğlu bildirir ki, o, Nərimanov rayonunda, Əlicabbar Orucəliyev küçəsində yerləşən “Gamestop” adlı karaoke otaqları olan məkanın sahibidir və reklam lövhəsi ilə bağlı ciddi problemlə üzləşib.
Ülvinin sözlərinə görə, obyektini açdığı vaxt, yəni üç il əvvəl reklam lövhəsini binanın fasad hissəsinə quraşdırmaq üçün Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) müraciət edib. Agentlik əməkdaşları əraziyə baxış keçirərək, lövhənin quraşdırılması üçün əvvəlcə MTK-dan icazə alınmalı olduğunu bildiriblər. MTK-dan icazə əldə edildikdən sonra isə ADRA ona həmin yerə reklam vurmaq üçün rəsmi icazə verib.
Əhmədov Ülvi qeyd edir ki, bu müddət ərzində ADRA-ya 8–9 min manat ödəniş edib və reklam lövhəsinin hazırlanmasına 13 min manat xərcləyib. Lakin binanın zirzəmisində fəaliyyət göstərən “Alfa Women” gözəllik salonu ADRA-ya müraciət edərək öz obyektləri üçün reklam yeri olmadığını iddia edib və Ülviyə aid lövhənin sökülməsini tələb edib. Bu müraciətdən sonra ADRA Gamestop-a məxsus rəsmi reklam lövhəsini söküb.
Çəkiliş zamanı məlum olub ki, “Alfa Women” salonu binanın müxtəlif hissələrində qanunsuz reklam lövhələri yerləşdirib və ADRA həmin lövhələri də söküb. Sahibkar isə haqlı olaraq sual edir:
“MTK tərəfindən fasad hissəsi mənə ayrıldığı halda, ADRA eyni yerə başqa obyektin reklam lövhəsinə necə icazə verə bilər?”
Əhmədov Ülvi hesab edir ki, rəsmi icazə ilə vurduğu reklam lövhəsinin sökülməsi nəticəsində həm maddi ziyana düşüb, həm də onun qanuni hüquqları pozulub.






