Saltoları ilə dünyanı heyrətə gətirən idmançımız “fizika qanunlarına meydan oxuyan azərbaycanlı” başlığı ilə yenidən gündəmə düşdü - VİDEO
Azərbaycanlı idmançı Tofiq Əliyevin ötən il Çində nümayiş etdirdiyi üç ardıcıl qüsursuz salto yenidən dünya mediasının diqqət mərkəzinə düşüb.
Patrul.az xəbər verir ki, Azərbaycanın batut gimnastikası (tamblinq) üzrə milli komandasının üzvü Tofiq Əliyev 2025-ci ilin avqustunda Çinin Çendu şəhərində keçirilən XII Dünya Oyunlarında unikal çıxışı ilə yadda qalıb. O, üç dəfə ardıcıl tam bir dövrə (360°) vuraraq idman tarixində ilk dəfə “full-full-full” (üçlü salto və üçlü vint) elementini rəsmi yarışda uğurla yerinə yetirən gimnast kimi adını dünya gimnastika tarixinə yazdırıb.
İdmançı ümumilikdə 1080 dərəcəlik fırlanma və üçqat qüsursuz salto ilə həm münsiflər heyətini, həm də izləyiciləri heyrətləndirib. Bu element hər bir saltoda 360 dərəcə tam burulma ilə icra olunan üçlü arxa saltodan ibarətdir və batut gimnastikasında ən yüksək çətinlik səviyyələrindən biri hesab olunur.
T.Əliyevin bu çıxışı həmin dövrdə sosial şəbəkələrdə geniş yayılıb. Onun bir saniyədən də az müddətdə havada həm üç dəfə salto vurması, həm də eyni anda öz oxu ətrafında 1080 dərəcə fırlanması “fizika qanunlarına zidd” və “inanılmaz” kimi qiymətləndirilib. Hətta bəzi istifadəçilər görüntülərin real olduğuna şübhə ilə yanaşıblar.
Bu gün isə Türkiyənin “sondakika.com” xəbər saytı həmin görüntüləri yenidən paylaşaraq idmançımızı “fizika qanunlarına meydan oxuyan Azərbaycanlı idmançı” başlığı ilə təqdim edib və onun bu hərəkəti dünyada unikal kimi dəyərləndirilib:
“Azərbaycanlı idmançı dünyada bu formada ardıcıl salto edən yeganə şəxs kimi təqdim olunur. Onun çıxışı idman ictimaiyyətində diqqət çəkib. Paylaşılan görüntülər qısa müddətdə internetdə yayılıb və bir çox istifadəçi Əliyevin uğurunu müzakirə etməyə başlayıb”, – deyə Türkiyənin aparıcı mediasında qeyd olunub.
Xatırladaq ki, bu qeyri-adi çıxış həmin vaxt hakimlər tərəfindən 30.500 xalla qiymətləndirilib. Tofiq Əliyev yarışda gümüş medal qazansa da, nümayiş etdirdiyi fənd qızıl medaldan daha çox müzakirə olunub.
İdmançı isə həmin vaxt bildirmişi ki, o, bu hərəkəti əvvəlcə yuxuda görüb və yaxın 20-30 il ərzində kimsə tərəfindən təkrarlanacağına inanmadığını deyib.
Qeyd edək ki, 2004-cü il təvəllüdlü Tofiq Əliyev Azərbaycan gimnastika məktəbinin yetirməsidir və tamblinq üzrə milli komandanın üzvüdür.
Həmin xəbərin linkini təqdim edirik:
https://www.sondakika.com/spor/haber-azerbaycanli-sporcu-fizik-kurallarina-meydan-okudu-19795766/






