media-retouch_2025071718335535

Avtomobil sahibləri üçün yolda qarşılaşdıqları tıxaclar, hava və yol şəraiti qədər ciddi bir problem də etibarlı, orijinal ehtiyat hissəsi tapmaqdır. Çünki bazarda orijinal avtomobil hissələri ilə yanaşı, saxta məhsullar da geniş yayılıb və təəssüf ki, bu məhsullar ilk baxışdan orijinala bənzəyə bilər. Halbuki onların avtomobilə və sürücüyə verə biləcəyi zərər böyükdür. Bəs belə bir durumda saxta avtomobil hissələrini orijinaldan necə ayırmaq olar?

Patrulaz.az bu məsələyə aydınlıq gətirdi:

Qiymətə aldanma: Aşkar ucuzluq şübhə doğurmalıdır

Bazarda müəyyən məhsul üçün formalaşmış orta qiymət var. Əgər bu qiymətin xeyli altında bir ehtiyat hissəsi təklif olunursa, burada şübhələnmək üçün əsas yaranır. Məsələn, orijinal bir yağ filtri 40 manata satıldığı halda, eyni məhsul 15 manata təklif olunursa, bu məhsulun ya saxta, ya da istismar olunmuş olması ehtimalı çox yüksəkdir. Çünki orijinal hissələrin hazırlanmasında istifadə olunan xammal və texnologiya ucuz qiymətə başa gəlmir.

Qablaşdırma və etiketlərə diqqət etmək lazımdır

Orijinal avtomobil hissələrinin qablaşdırması səliqəli, keyfiyyətli və əlavə təhlükəsizlik elementləri ilə təchiz olunmuş olur. Brendin loqosu dəqiq çap olunur, qablaşdırmada seriya nömrəsi, QR kod və ya holoqram etiketi olur. Bu cür elementlər vasitəsilə məhsulun orijinallığını istehsalçının rəsmi saytında yoxlamaq mümkündür.

Saxta məhsullarda isə:

– Yazı səhvləri (“Toyta”, “Bosxh” kimi kobud təhriflər),

– Solğun və ucuz görünən çap,

– Qutusuz və ya cızıq qablaşdırma halları müşahidə olunur.

Bunlar məhsulun orijinallığını şübhə altına alacaq əlamətlərdir.

Hissənin özündəki detallara baxılmalıdır

Əgər qablaşdırma səni inandırmayıbsa, hissənin özünə baxmaq vacibdir. Orijinal ehtiyat hissələri daha keyfiyyətli materialdan hazırlanır. Plastik hissələr möhkəm və elastik, metal komponentlər isə yaxşı cilalanmış olur. Həmçinin üzərində brendin loqosu ya lazerlə yazılmış, ya da metal döymə ilə qeyd edilmiş olur.

Saxta hissələrdə isə:

– Material kövrək və dayanıqsızdır,

– Qeyri-bərabər kəsimlər və uydurma etiketlər görünə bilər,

– Hissə çox yüngül və ya lazımsız dərəcədə ağır ola bilər.

Bu detallara fikir vermək məhsulun keyfiyyətini müəyyənləşdirməkdə mühüm rol oynayır.

Etibarlı satıcılardan və rəsmi nümayəndəliklərə müraciət edin

Ən əmin yol ehtiyat hissələrini rəsmi servislərdən və ya tanınmış, etibarlı avto mağazalardan almaqdır. Brendə məxsus rəsmi onlayn platformalar və ya təsdiqlənmiş distribyutorlar da təhlükəsiz seçimlərdir. Qeyd etmək lazımdır ki, bəzən ustalar belə, daha ucuz olduğu üçün saxta hissə təklif edə bilər. Buna görə də avtomobil sahibi olaraq nə aldığını özünüz də bilməli və yoxlamalısınız.

Texnologiyanın köməyindən yararlanın

Müasir dövrdə bir çox avtomobil hissəsi istehsalçıları məhsullarına rəqəmsal identifikasiya sistemləri əlavə edirlər. Məsələn, QR kod, holoqram və ya tətbiq üzərindən yoxlanılan seriya nömrələri. Bu kodu rəsmi sayta daxil etməklə məhsulun orijinal olub-olmadığını təsdiqləmək mümkündür. BOSCH, MANN-FILTER, TOYOTA kimi tanınmış markalar artıq bu sistemləri aktiv istifadə edir.

Saxta ehtiyat hissə = Təhlükəyə dəvət

Saxta avtomobil hissələri yalnız avtomobilə zərər vurmaqla qalmır, həm də sürücü və sərnişinlərin həyatını risk altına atır. Xüsusilə əyləc, sükan, asqı sistemi kimi vacib hissələrdə istifadə olunan saxta məhsullar qəzaya səbəb ola bilər. Həmçinin, keyfiyyətsiz hissə səbəbindən mühərrikin sıradan çıxması, yanacaq sərfiyyatının artması və əlavə xərclər qaçılmaz olur.

Avtomobil sizin həyatınızı daşıyır. Ona qoyulan hər detal, hər hissə istər təkər, istər tormoz, istər ən sadə filtr olsun, sizin təhlükəsizliyinizlə birbaşa bağlıdır. Buna görə də, ehtiyat hissəsi seçərkən qənaət yox, etibar və keyfiyyət əsas meyar olmalıdır.

Ləman Sərraf


Bənzər xəbərlər