Şəhərin ortasında tapılan gizli çuxur tarixi yeri aşkara çıxardı
İngiltərənin York şəhərində, St Leonard’s Place küçəsində qəfil yaranan çuxur arxeoloqları XII və XIII əsrlərə aid St. Leonard’s Xəstəxanasının qalıqlarına aparıb.
Patrulaz.az “New York Post” qəzetinə istinadən xəbər verir ki, bu ərazi Orta əsrlərdə Şimali İngiltərənin ən böyük xəstəxanalarından birinə ev sahibliyi edib. Günümüzdə isə yolun altından keçmiş xəstəxanaya aid olduğu ehtimal edilən kərpic tikililər aşkarlanıb.
Həmin qazıntı sahəsi İngiltərə Reforması dövründən sonra kral zərbxanası kimi fəaliyyət göstərib və XIX əsrdə isə şəhərin müasir küçələri inşa edilərək Yorkun siması yenidən formalaşdırılıb.
York Şəhər Şurasının nümayəndəsi Kate Ravilious bildirib:
“Bu bölgədə Roma legionlarının izləri də daxil olmaqla, çox zəngin arxeoloji irs var. Bu yeni tapıntılar araşdırmalarımızın müddətini bir qədər uzatsa da, olduqca həyəcanvericidir”.
Bu son kəşf ötən aylarda Yorkda qladiatorların şirlərlə döyüşdüyünə dair sübutların aşkarlanmasından sonra baş verib. Görünən odur ki, Yorkun yeraltı tarixlə dolu saysız-hesabsız sirləri hələ də açılmaqdadır.
Ləman Sərraf