Şəhidlər Parkı məişət tullantılarından təmizləndi - FOTOLAR
Binəqədidə uzun müddət baxımsız vəziyyətdə qalan Şəhidlər Parkında təmizlik işləri aparılıb.
Bu barədə Patrul.az-ın sorğusuna Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məlumat verilib.
Bildirilib ki, bu gün Bakı Abadlıq Xidməti əməkdaşları tərəfindən park ərazisi məişət tullantılarından təmizlənib.
“Sorğunuzla bağlı bildiririk ki, qeyd edilən məsələ öz həllini tapıb”, – deyə açıqlamada qeyd olunub.
İcra Hakimiyyətindən o da bildirilib ki, uzun müddət nəzarətsiz qalan Şəhidlər Parkına daimi işçi cəlb olunması üçün aidiyyəti quruma müraciət edilib.
Xatırladaq ki, daha əvvəl redaksiyamıza Bakı Abadlıq Xidməti əməkdaşlarının parkda təmizlik işlərini dayandırması və işçilərin Zabitlər Parkına yönləndirilməsi ilə bağlı məlumat daxil olmuşdu.
Beləliklə, Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirildiyi Şəhidlər Parkı Binəqədi Rayon İcra Hakimiyyətinin operativ müdaxiləsi nəticəsində təmizlənib.
Qeyd edək ki, bu məsələdə məsuliyyət yalnız aidiyyəti qurumların deyil, həm də vətəndaşların üzərinə düşür. Hər bir vətəndaş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bu məkanı və digər ictimai əraziləri çirkləndirməməli, məsuliyyətli davranmalıdır.
Təbiət, şəhər və ictimai məkanlar hamımızın ortaq dəyəridir. Patrul.az vətəndaşları ətraf mühiti qorumağa və təmizliyə riayət etməyə çağırır.


Gülbəniz Səfərova






