media-inshot_20250818_135019190

Azərbaycanın paytaxtı Bakı turizmin beşiyi sayılır və şəhərimizə müxtəlif ölkələrdən turistlər ziyarətə gəlirlər. Onlar ölkəmizin qanunlarına və milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq məcburiyyətindədirlər. Lakin avqustun 13-də Şəhidlər xiyabanında vətən uğrunda canından keçmiş şəhidlərimizin məzarları önündə əxlaqsız hərəkət edən ərəb turistlərin görüntülərinin bu gün yayılması yerli vətəndaşların haqlı olaraq, kəskin narazılığına səbəb oldu. Onlar yalnız bu hərəkəti edərək deyil, eyni zamanda onu ictimaiyyətə gülüş və lağla paylaşaraq, milli dəyərlərimizi kobud şəkildə təhqir ediblər. Məlumata görə, bu görüntülər ölkəmizə 5 günlük səfər üçün, amma görünür milli-mənəvi dəyərlərimizə hörmətsizlik etmək məqsədilə avqustun 13-də çəkilib. Daxili İşlər Nazirliyinin araşdırmasından sonra həmin şəxslər barəsində cinayət işi də açılıb.

Bəs bizə miras olan şəhidlərimizin məzarı önündə əxlaqi dəyərlərə sığmayan bu adamları konkret hansı cəza gözləməlidir?

Hüquqşünas Əkrəm Həsənov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, bu cür hərəkətlər Cinayət Məcəlləsinin 245-ci maddəsinə uyğun olaraq ciddi şəkildə cəzalandırılmalıdır. Belə hallarda qanunvericilik çərçivəsində həbs cəzası verilməsi məqsədəuyğundur ki, həm ölkəmizə gələn xarici vətəndaşlar, həm də yerli sakinlər bu cür hərəkətlərin nəticələrini görərək dərs ala bilsinlər:

“Azərbaycan Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə qəbir üzərində təhqiredici hərəkətlərə görə iki ilədək müddətdə islah işləri və ya beş ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Mənim müşahidəmə görə, hadisənin xüsusilə Şəhidlər xiyabanında baş verməsi əlavə ağırlaşdırıcı haldır. Buna görə də, bu cür hallarda yalnız islah işi ilə kifayətlənmək yox, azadlıqdan məhrumetmə ilə sərt cəza tətbiq edilməlidir. Bu, həm ölkəmizə gələn xarici vətəndaşlara, həm də yerli sakinlərə dərs olmalıdır ki, hərəkətlərinin nəticələrini görsünlər və gələcəkdə belə təhqiramiz hərəkətlərdən çəkinə bilsinlər.

Hüquqşünasın sözlərinə görə, baş vermiş hadisədə bir çox məsələlər nəzərə alınmalı və ona uyğun sərt cəza verilməlidir:

“Hadisə yalnız şəhidlərə qarşı təhqir deyil; bu həm də qanunlara, milli adət-ənənələrimizə və əxlaqi dəyərlərimizə ziddir. Üstəlik, bu şəxslər müsəlman ərəblərdir və onların etdiyi hərəkətlər İslam dini prinsiplərinə də ziddir. Bütün bunlar nəzərə alınaraq, belə hallarda sərt cəza tətbiq edilməlidir”.

Qeyd edək ki, hazırda sözügedən şəxslər məhkəməyə aparılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər