media-8b1aa09e-554d-4678-82bf-83f1a177bc5b

İlahiyyatçı Tural İrfanın İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramı haqqında Patrulaz.az-a müsahibəsini təqdim edirik:

Mənəvi tərəfdən baxdığımız zaman Həzrəti İbrahim və Həzrəti İsmayıl vasitəsilə insanlara verilən mesaj nədir?

Qurbanın fəlsəfəsi öncə Allaha yaxınlaşmaqdır. İnsan demək istəyir ki, malımdan qurban etdiyim kimi canımı da Allah yolunda qurban etməyə hazıram. İbrahim peyğəmbərin oğlu həzrət İsmayılı qurban etmək hadisəsi də bununla bağlıdır. Yuxu ilə Allah öz peyğəmbərinin səmimiyyətini sınağa çəkir və gələcək nəsillərə də örnək verir. Allah təala İbrahim İsmaili kəsmək istəmə mərhələsinə qədər onu xəbərdar etmir. Lakin son mərhələdə, artıq bıçaq boğaza yetişəndə Allah nida edərək əl saxlamasını əmr edir və heyvan göndərir. Bununla həm də mesaj verir ki, Allah yolunda qurban insandan yox, heyvandan olmalıdır. Qurban sözü yaxınlıq anlamına gəlir, Allaha yaxınlıq, bəşəriyyətə yaxınlıq, insanların bir-birinə olan yaxınlığı…

Qurban kəsməyin hökmü bəzi üləmaya görə sünnət, müstəhəbdir. Bəzilərinə görə yalnız Həcc ibadətində olanlar üçün vacibdir. Bəzilərinə görə isə ümumiyyətlə imkanı olan müsəlmanlar üçün vacibdir ki, malından qurban kəssin və digərlərinə paylasın.

Fakt ondan ibarətdir ki, Həzrət Peyğəmbər qurban kəsib, bu bayramı qeyd edib, bayram namazı qıldırıb. Mötədil və mötəbər  səhabələr də bunu davam etdiriblər.

İnsanların sosial yöndən bir-birinə yaxınlaşması, sosial siniflər arasında münasibətlərin isinməsi, Allaha yaxınlıq baxımından önəmli ənənədir. Nə gözəl ki, varlı, imkanlı adamlar yüzlərlə heyvan kəsdirib qocalar, uşaqlar, kimsəsizlər evinə hədiyyə edir, miskinin, fəqirin qarnını doyurur.

Allah yolunda malını qurban etməklə canını da qurban edə biləcəyini nümayiş etdirir.

media-d7e0cb0b-ecf1-45c9-9d7e-078ed3896768

Qurban kəsərkən nələrə diqqət edilməlidir? Qurbanlıq necə seçilməlidir?

Yaxınlaşmaqda olan Qurban bayramı zamanı müsəlmanların diqqət etməli bəzi məsələlər var. Heyvanın içalat və baş ayağını küçələrə, yollara atıb yaşayış məntəqələrini zibilxanaya çevirməsinlər. İslam təmizliyi qurbandan əvvəl vacib edib. Quranda qurban haqda qəti hökm olmadığı halda təmizliyin vacib olması haqda çoxsaylı dəlillər var.

Qurban ətini satmasınlar. Qurban əti satılmaz. Onu satan cəhənnəmi satın almış sayılır. Sələmlə, kreditlə, borcla qurban kəsmək olmaz. Qurban adət və şöhrət üçün deyil, ibadətdir.

Dəvə, inək, camış, keçi və qoyundan qurban kəsilir. Böyük başlı heyvanlardan bir neçə nəfər şərikli olaraq alıb kəsib sonra bölə bilərlər. Amma qoyun və keçi kimi xırda buynuzlululardan olmaz.

Heyvanın kor, şikəst, xəstə olmaması daha yaxşıdır. Su təklif edilir və yönü qibləyə yalnız Allahın adı ilə və Onun adına kəsilir.

Məzarlıqda, yol kənarında kəsmək doğru deyil. Kiminsə ayağı altında qurban kəsmək də yanlışdır.

Məzarlıq, pirlər, ocaqlar sallaqxana, qurbangah yox, ziyarətgahdır.

media-99312947-2aaa-4979-8e9a-8ec540494b0c

Kimsə qurban kəsmir, əvəzində qurbanın pulu ilə yardım edir, bu, düzgündürmü?

İmkanlı adamlar kəsdiyi heyvanı üç hissəyə bölüb bir hissəsini ailəsi üçün, bir hissəsini qonşular üçün, digər hissəsini də imkansızlar üçün bağışlaya bilər. Daha yaxşı olar ki, imkanı olanlar çoxsaylı heyvanlar kəsdirib paylasınlar. Bu, onların malına, varına təzəlik, bərəkət gətirər. Minlərlə insanın xeyir – duası, razılığı ilahi dərgahda müstəcəb olar.

İmam Əlidən nəql edilən mötəbər hədisə görə qurban kəsmə günləri üç gündür. Zilhiccə ayının 10,11 və 12 ci günləri kəsilə bilər.

media-f597e2aa-1a8a-4c50-ad96-187c3a85ecca

Kimlər mütləq qurban kəsməlidir?

Qurban kəsimi mövsümündə imkanı olan, yəni qurban ona vacib olmuş şəxs mütləq bunu icra etməli, kasıblara paylamalıdır. Pul və ya başqa formada edilən yardım isə sədəqədir. İslamda malla edilən başqa ibadət də var. Zəkat vermək, fitrə vermək kimi. Kimsə sədəqə verirsə bu, qurban yerinə keçməz, lakin sədəqə savabı ilə əvəz edilər.

Müsəlman üçün müstəhəb əməl sayılan qurban kəsmək kimlər üçün istisna sayıla bilər?

Qurban o şəxsə vacibdir ki, müsəlmandır, maddi imkanı qurban kəsməyə kifayət edir. Yaxud Həccə getmiş şəxslər orada mütləq qurban kəsirlər. Hətta maddi imkanı yüksək olan müsəlmanlara daha çox heyvan kəsib paylamaq tövsiyyə edilir. Qurban bayramı və qurbanlıq günlərinin öz qaydası, qanunları var. Burada önəmli olan heyvan kəsməklə yanaşı digər vasitələrlə də kasıblara yardım etməkdir. Təbii ki, heyvan kəsmək imkanı olmayan, lakin başqa formada yardım etməyə gücü yetənlər də həmin üsullarla edə bilər. Məqsəd bütün təbəqədən olan insanların bayram günü sevinməsi, qarnını doyurmasıdır. Qurban ətindən yemək bişirib insanlara ehsan süfrələri də açmaq savabdır. Mümkün olan bütün normal vasitələrdən istifadə edərək həssas təbəqəyə əl tutmaq bu bayramın fəzilətlərindəndir.

Lakin maddi imkanı zəif olan insanlara qurban kəsmək vacib deyil. Əksinə, onlara qurban əti verilməsi vacibdir. İmkanı olmayan insanların narahat olmaması gərəkir. Onların boynunda belə bir məsuliyyət yoxdur. Borcla, kredit götürərək yaxud sələm alaraq kəsilən qurban qəbul olmaz. Nisyə də olmaz. Yalnız kimin imkanı varsa ona vacibdir ki, kəsib kasıblara paylasın.

Ləman Sərraf


Bənzər xəbərlər